Bakı. 16 dekabr. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi respublikada insan hüquqlarının mühafizəsi məsələsində öz töhfəsini verə bilər. "Report" xəbər verir ki, bu barədə komitənin sədri Hicran Hüseynova "Açıq Qapı" mülki forum zamanı bildirib.
"Biz istəyirik ki, Azərbaycanda, xüsusilə də regionlarda mülki cəmiyyət inkişaf etsin. Azərbaycan insan hüquqları sahəsi də daxil olmaqla güclü siyasət aparır. Bir dövlət strukturu olaraq, biz bu məsələdə öz töhfəmizi verə bilərik", - komitə sədri tədbir zamanı bildirib.
Forum çərçivəsində respublika vətəndaşlarının ailə, qadın və uşaq məsələlərində təklif və rəyləri dinlənilib, yerli QHT nümayəndələri ilə müzakirələr təşkil olunub, vətəndaşları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, həmin forum "2012-2015-ci illər üçün Açıq Hökumətin stimullaşdırılması üzrə milli fəaliyyət planı" ilə müvafiq keçirilib.