Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün şənlik təşkil olunub

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün şənlik təşkil olunub Leyla Əliyevanın da iştirak etdiyi tədbir “Dalga Beach Aquapark Resort”a keçirilib
Sosial müdafiə
27 İyun , 2016 15:44
Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün şənlik təşkil olunub

Bakı. 27 iyun. REPORT.AZ/ Heydər Əliyev Fondunun təşəbbüsü ilə iyunun 23-də “Dalga Beach Aquapark Resort”da uşaq evləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin sakinləri üçün növbəti dəfə maraqlı şənlik təşkil olunub.

“Report”un xəbərinə görə, şənlikdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Bu dəfə Heydər Əliyev Fondu uşaqları paytaxtın dənizkənarı istirahət məkanlarından olan “Dalga Beach Aquapark Resort”a toplayıb. Fondun təşəbbüsü ilə təşkil olunan şənliyə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşılayıblar. Nizami rayonunun 1, Suraxanı rayonunun 2, Xətai rayonunun 3 saylı uşaq evlərinin və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin sakinləri bu məkanda yay mövsümünün ovqatını hiss etdilər, günəşli günlərin qayğısız anlarını yaşadılar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da övladı ilə birlikdə uşaqların şənliyinə qoşulub. Balacalara xas olan hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlarda iştirak etdilər, bu isti yay günündə hovuzda üzdülər, sevinclərini ətrafdakılarla bölüşüblər.

Leyla Əliyeva uşaqlarla söhbət etdi, şənliklə bağlı fikirlərini öyrəndi, onlarla şəkil çəkdirdi. Uşaq evlərinin və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin sakinləri təəssüratlarını bölüşdülər, burada yeni dostlar qazandıqlarını söylədilər, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışdılar.

Tədbirdə balacalar üçün əsl bayram ab-havası yaradıldı. Uşaqlar müxtəlif rəqslər, mahnılar ifa etdilər, məharətlərini göstərdilər.

Bu dəfə də hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.

Bayram şənliyində iştirak edən 200-yə yaxın uşağın təbəssümü onlara maraqlı bir gün bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi.

Son xəbərlər

Orphus sistemi