Yuxarı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sankt-Peterburqda uşaq evlərində olub

Uşaqlar Leyla Əliyevaya öz əl işlərini hədiyyə ediblər

Bakı. 30 Oktyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində bir neçə uşaq evində və internat məktəbində olub. "Report"un xəbərinə görə, şəhərdəki kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlar üçün 13 saylı uşaq evində olan Leyla Əliyevaya məlumat verilib ki, ixtisaslaşdırılmış psixonevroloji uşaq müəssisəsində 60-dan çox uşaq tərbiyə alır. Onların arasında uşaq serebral iflici, fiziki və zehni inkişafdan geri qalan körpələr, eləcə də müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olan sağlam uşaqlar var. Xəstə uşaqlar bu müəssisədə dörd il xüsusi müalicə aldıqdan sonra övladlığa verilir, yaxud internat məktəblərə keçirilirlər. Burada uşaqların müalicəsi, tərbiyəsi və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Eyni zamanda, xəstə uşaqların Rusiyanın ən qabaqcıl tibb müəssisələrində müalicəsi təşkil edilir.

Leyla Əliyevaya “Sosial-emosional təcrübədə ilkin dəyişikliklərin uşaq evlərində tərbiyə alan uşaqların inkişafına təsiri” (“Влияние изменения раннего социально-эмоционального опыта на развитие детей в домах ребенка”) kitabı hədiyyə olunub.

Uşaq evində yaradılan şəraitlə tanış olan Leyla Əliyeva buradakı masaj və infraqırmızı sauna, duz mağarası, hovuz və oyun otaqlarına baxıb. Heydər Əliyev Fondu adından uşaq evinə oyuncaqlar hədiyyə olunub.

Daha sonra Leyla Əliyeva Sankt-Peterburqdakı kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 31 saylı mərkəzdə olub.

Mərkəz 1957-ci ildə Uşkovo qəsəbəsində məktəbəqədər uşaq evi kimi yaradılıb. Sonradan Rusiyanın şimal paytaxtının Moskva rayonuna köçürülərək mərkəz kimi fəaliyyətə başlayıb. Yetmişə yaxın kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşağın tərbiyə aldığı mərkəzdə hovuz və dərnək məşğələləri üçün otaqlar var. Uşaqlar mütəmadi olaraq həkim müayinəsindən keçir, onların gələcəkdə müstəqil həyata sosial adaptasiyası üçün tədbirlər görülür. Hazırda mərkəzdə çalışan 6 tərbiyəçi bu müəssisənin yetirməsidir.

Uşaqlar Leyla Əliyevaya öz əl işlərini hədiyyə ediblər. Heydər Əliyev Fondu adından isə mərkəzə müasir kompüter avadanlığı hədiyyə olunub.

Leyla Əliyeva görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan uşaqlar üçün K.Qrot adına 1 saylı internat məktəbində və uşaq evində də olub. İnternat məktəbinin tarixi 1881-ci ildə Rusiyada ilk dəfə tanınmış ictimai xadim Konstantin Qrotun görmə qabiliyyətini itirmiş oğlanlar üçün açdığı məktəbdən başlayır. Hazırda 300 uşağın təhsil aldığı məktəb Federal Dövlət Təhsil Standartları əsasında fəaliyyət göstərir. İnternat məktəbində xüsusi olaraq bu kateqoriyadan olan şagirdlər üçün hazırlanmış dərsliklər vasitəsi ilə bütün fənnlər tədris edilir.

Leyla Əliyeva fənn kabinələrini gəzib, kitabxana və fonoteka ilə tanış olub, şagirdlərlə söhbət edib və onlarla xatirə şəkilləri çəkdirib.

Daha sonra Leyla Əliyeva internat məktəbinin nəzdində fəaliyyət göstərən uşaq evinə baş çəkib. Burada Diana Qurtskayanın “Ürəyin səsi ilə” xeyriyyə fondunun görmə qabiliyyətini itirmiş uşaqlar üçün keçirdiyi musiqi festivalının iştirakçıları və qalibləri Leyla Əliyeva üçün hazırladıqları konsert proqramı ilə çıxış ediblər.

Leyla Əliyeva uşaqların ifalarını dinləyib, onlarla xatirə şəkli çəkdirib.

İnternat məktəbinə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi