“Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığortaolunanların fərdi uçotu Qaydaları” təsdiqlənib

“Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığortaolunanların fərdi uçotu Qaydaları” təsdiqlənib Sənədi nazir Səlim Müslümov imzalayıb
Sosial müdafiə
8 Sentyabr , 2017 13:35
“Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığortaolunanların fərdi uçotu Qaydaları” təsdiqlənib
Report

Bakı. 8 sentyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığortaolunanların fərdi uçotu Qaydaları”nı təsdiq edib.

“Report”un xəbərinə görə, bununla bağlı sənədi nazir Səli Müslümov imzalayıb.

Bu qaydalar “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət sirri haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunlarına əsasən hazırlanıb.

Xidmət keçmənin xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və işçilərinin, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin, barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin fərdi uçot məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması bu qaydalarla tənzimlənir.

Hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları, mülki işçilər və mülki-hüquqi müqavilələr üzrə çalışan ştatdankənar işçilərin fərdi uçot məlumatlarının təşkili və aparılması “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu” və “Məcburi dövlət sosial sığorta haqqının toplanması” qaydalarına əsasən həyata keçirilir.

Sığortaçı dövlət sosial sığorta sistemində sığortaolunanların fərdi uçotunun təşkili və aparılması ilə əlaqədar aşağıdakıları həyata keçirir:

1. sığortaolunanın qeydiyyatını,

2. fərdi uçot sistemində qeydiyyata alındıqdan sonra sığortaolunanın əmək və xidmət (sığorta) stajı, əmək haqqı, pul təminatı və digər gəlirləri, ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların toplanmasını və fərdi şəxsi hesabda əks etdirilməsini.

Sığortaolunanlar məcburi dövlət sosial sığortası üzrə fərdi uçot sistemində qeydiyyata alınırlar.

Sığortaedənlər sığortaolunanların sayı barədə (tabeçilikdə müstəqil balansa malik olan qurumlar nəzərə alınmaq şərti ilə) sığortaçıya ərizə ilə müraciət edirlər.

Sığortaedənlər məcburi dövlət sosial sığortası üzrə fərdi uçot sistemində yeni qeydiyyata alınan sığortaolunanla bağlı, onu xidmətə (işə) qəbul etdiyi gündən 1 ay ərzində sığortaçıya ərizə ilə müraciət etməlidirlər.

Ərizə formaları doldurulduqdan və müvafiq qaydada sığortaedən tərəfindən təsdiq edildikdən sonra sığortaçıya təqdim olunur.

Sığortaçı sığortaedən tərəfindən təqdim olunmuş sığortaolunanların hər biri üçün fərdi şəxsi hesab açır.

Sığortaolunanlar üçün müəyyən olunmuş SSN-lərin siyahısı fərdi uçot sistemində sığortaolunanların qeydiyyatı üçün müraciət etmiş sığortaedənə təqdim olunur.

Təhvil verilmiş SSN-lərin sığortaolunanlar arasında bölgüsünü müvafiq sığortaedən həyata keçirir.

Sığortaolunan xidmətdən (işdən) azad edildikdə, sığortaedən məlumatları 1 ay ərzində müvafiq bildirişlə sığortaçıya açıqlayır.

Sığortaedən sığortaolunanların hər biri üçün əmək haqqı, təminat xərcliyi (pul təminatı) və digər gəlirlər, ödənilmiş sosial sığorta haqları barədə olan fərdi məlumatları əks etdirən məlumat formalarını (tabeçilikdə müstəqil balansa malik olan qurumlar nəzərə alınmaq şərti ilə) (Əlavə № 3) hər il üçün növbəti ilin mart ayının 1-nə kimi sığortaçıya təqdim etməlidir.

Sığortaedənlər sığortaolunanlar barədə məlumatları həm yazılı sənəd formasında, həm də məlumatların düzgünlüyünə, eləcə də icazə olmadan əldə edilməkdən və təhrif olunmaqdan mühafizəsinə zəmanət olunduğu halda elektron formada (maqnit daşıyıcılarında) təqdim etməlidirlər.

Sığortaedən sığortaolunan barədə məlumatları müvafiq qaydada təsdiq edir.

Illik məlumat təqdim edildikdən sonra məcburi dövlət sosial sığorta haqlarının hesablanıldığı və ödənildiyi əmək haqqı, təminat xərcliyi (pul təminatı) və digər gəlirlərin məbləği (sığorta stajının hər ayı üçün) və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün) fərdi uçot sistemində qeydiyyatdan keçən sığortaolunanların fərdi şəxsi hesabında qanunda müəyyən olunmuş qaydada nəzərə alınır.

Sığortaolunan xidmətdən (işdən) azad edildikdə, xidmətdən (işdən) azad edildiyi günə kimi sığortaçıya sığortaolunan barədə təqdim olunmamış məlumatlar ümumi qaydada sığortaedən tərəfindən təqdim edilir.

Sığortaolunana əmək pensiyası təyin edilərkən, o, sığortaedənə onun barəsində sığortaçıya fərdi məlumatların təqdim edilməsi haqqında ərizə ilə müraciət edir. Sığortaedən sonuncu məlumat təqdim etdiyi dövrdən sığortaolunanın pensiya təyinatı üçün rəsmi müraciət etdiyi günə qədər onun haqqında təqdim olunmamış məlumatları sığortaçıya təqdim edir.

Sığortaolunan vəfat etdikdə, sığortaedən sığortaçıya ölüm faktının qeyd olunduğu gündən 1 ay ərzində məlumat verməlidir və bu məlumat əsasında sığortaolunanın fərdi şəxsi hesabı bağlanmalıdır.

Sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar sığortaçı tərəfindən mərkəzləşdirilmiş qaydada saxlanılır və məlumatların ehtiyat bazası yaradılır.

Son xəbərlər

Orphus sistemi