Yuxarı

Güzəştli evlərin satışı zamanı sistemdə problem yaranmaması üçün görülən işlər müzakirə olunub

Güzəştli evlərin satışı zamanı sistemdə problem yaranmaması üçün görülən işlər müzakirə olunub

Bakı. 6 avqust. REPORT.AZ/ Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti görüşü keçirilib.

Bu barədə "Report"a Dövlət Agentliyindən məlumat verilib.

Görüşdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssisələri iştirak ediblər.

“Güzəştli mənzil” sisteminin fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunan görüşdə sistemin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətinin təmin edildiyi və mənzillərin seçimi zamanı bərabər şəraitin yaradıldığı, şəffaflığın və operativliyin təmin edildiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şurada bu resursun ilkin təqdimatının keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Ceyhun Salmanov tərəfindən bildirib ki, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 mart 2018-ci il tarixli 1885 nömrəli Fərmanına əsasən elektron hökumət sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək, habelə “Elektron hökumət” portalının idarə olunmasını və fəaliyyətini təmin etmək və təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi Dövlət Agentliyinə həvalə edilib.

“Elektron hökumət” portalında yaradılan “Güzəştli mənzil” elektron sistemi vasitəsilə mənzillərin seçimi zamanı yaranmış nasazlıqların aradan qaldırılması məqsədilə sistemin fəaliyyətinin təmin edilməsində iştirak edən qurumların nümayəndələrindən ibarət İşçi Qrupu formalaşdırılıb və fəaliyyəti Dövlət Agentliyi tərəfindən koordinasiya edilib. Eyni zamanda “Elektron hökumət” portalı tərəfdən müraciətlər üzrə yüklülüyün paylanması üzrə tədbirlər görülüb, durma-dayanma hallarının aradan qaldırılması üçün resurslar artırılıb. İştirakçı tərəflərlə birlikdə müxtəlif xarakterli testlər keçirilərək mümkün problemlər müəyyənləşdirilib aradan qaldırılıb.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) nümayəndəsi Elşad Məmmədov “Güzəştli mənzil” elektron sistemində istifadəçilər üçün yaradılmış imkanlar barədə məlumat vermiş, eyni zamanda Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksnin internet saytının təqdimatını edib. Bildirib ki, istifadəçilərin mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmasına, elektron imza sertifikatları və ya texniki avadanlıqlardan istifadə bacarıqlarının formalaşdırılmasına nail olmaq məqsədilə sistemin DEMO versiyası hazırlanıb.

İctimai Şuranın koordinatoru Osman Gündüz bu cür əhmiyyətli layihələrin həyata keçirilməsində koordinasiyalı fəaliyyətin vacibliyi vurğulayıb və bu cür ictimai görüşün keçirilməsinə görə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və MİDA-nın rəhbərliyinə öz təşəkkürünü bildirib.

Daha sonra müzakirə olunan məsələ ətrafında fikir mübadiləsi aparılıb və İctimai Şura üzvləri tərəfindən çoxsaylı suallar verilib, bu cür problemlərin aradan qaldırılması isitqamətində atılan addımlarla bağlı təkliflər bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi