Göygöldə məcburi köçkünlər üçün yeni məhəllənin açılışı olub

Göygöldə məcburi köçkünlər üçün yeni məhəllənin açılışı olub Dekabrın 30-da Göygöl rayonunda məcburi köçkünlər üçün yeni yaşayış məhəlləsi istifadəyə verilib.
Sosial müdafiə
30 Dekabr , 2019 16:43
Göygöldə məcburi köçkünlər üçün yeni məhəllənin açılışı olub

Dekabrın 30-da Göygöl rayonunda məcburi köçkünlər üçün yeni yaşayış məhəlləsi istifadəyə verilib. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, açılış mərasimində Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə, ictimaiyyət nümayəndələri, məcburi köçkünlər iştirak ediblər.

Prezident İlham Əliyevin apardığı siyasət və həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafında qazanılan uğurlar davamlı xarakter daşıyır. Bunun nəticəsidir ki, müharibədən əziyyət çəkən insanların, o cümlədən məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin miqyası ilbəil genişlənir. Son iki il ərzində ölkə ərazisində bütün zəruri sosial-texniki infrastrukturu olan 13 qəsəbə və bir bina tikilib istifadəyə verilib. Ümumilikdə, indiyədək 300 mindən çox qaqın və məcburi köçkünün – 62 mindən çox ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Gələn il 7 minə qədər məcburi köçkün ailəsinin yeni ev və mənzillə təmin edilməsi nəzərdə tutulur.

Məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərən Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır şəraitdə, həyat üçün təhlükəli bina və tikililərdə müvəqqəti məskunlaşan ailələrin birinci növbədə yeni mənzillərə köçürülməsi barədə verdiyi tapşırıq icra edilir. Məhz Mehriban xanımın çağırışı ilə özəl sektor məcburi köçkünlərin mənzil probleminin həllinə öz töhfəsini verməyə başlayıb. Dövlətimizin başçısı tərəfindən də dəstəklənən bu təşəbbüsə qoşulan sahibkarlıq subyektlərinin sayı artmaqdadır.

Göygöldəki açılış mərasimində bu barədə məlumat verən Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünlərə dövlətimizin başçısının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini çatdırıb, onlara yeni mənzillərdə xoş günlər, firavanlıq arzulayıb. Əminliklə qeyd edilib ki, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqları gün də uzaqda deyildir. Ölkə rəhbərinin qətiyyətli siyasəti Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi ilə nəticələnəcəkdir.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxışında Göygöldə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin hər bir müraciətinə yerli orqanların həssaslıqla yanaşdığını, onlara lazımi köməklik göstərdiyini bildirib və yeni istifadəyə verilən məhəllənin rayon ərazisindəki məcburi köçkünlərin mənzil problemini tam həll etdiyini deyib.

Göygöldəki hər biri 5 mərtəbəli olmaqla 3 yaşayış binasından ibarət məhəllə ölkə ərazisində qaçqınlar və məcburi köçkünlər üçün salınmış, bütün zəruri sosial-texniki infrastrukturu olan 110-cu qəsəbədir. 130 məcburi köçkünailəsi üçün nəzərdə tutulan məhəllənin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Məhəllə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən layihələndirilib və tikilib. Ayrılmış 1,5 hektar torpaq sahəsində tikinti işlərinə 2019-cu ilin avqust ayında başlanılıb. Məhəllədəki binalarda mənzillərin 15-i birotaqlı, 55-i ikiotaqlı, 50-i üçotaqlı, 10-u dördotaqlıdır.Buraya Göygöl rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.

Məhəllənin elektrik təchizatını təmin etmək məqsədi ilə mövcud “Göygöl-1” yarımstansiyasında yenidənqurma işləri aparılıb və birdövrəli elektrik verilişi xətti çəkilib. Bundan əlavə, kompleksin ərazisində transformator məntəqəsi tikilib və güc transformator quraşdırılıb, kabel xətləri çəkilib, ərazinin işıqlandırılması təmin edilib.

İçməli su təchizatını təmin etmək üçün boru kəməri çəkilib, bir içməli su anbarı, yanğın əleyhinə iki su anbarı, nasosxana və nəzarətçi binası tikilib. Kanalizasiya şəbəkəsi qurulub. Məhəllə təbii qazla təchiz edilib, bunun üçün müvafiq infrastruktur yaradılıb. Mənzillərdə smart-kart tipli qaz sayğacları, PQ-4 tipli qaz plitələri, həmçinin istilik və isti su təchizatını təmin etmək məqsədi ilə qazla işləyən kombi tipli su qızdırıcılar quraşdırılıb. Məhəllədaxili rabitə və videomüşahidə xəttləri çəkilib.

Kompleksdə abadlıq və yaşıllaşdırma işləri görülüb, məhəllədaxili yollar çəkilib, sanitariya-təmizləmə meydançası tikilib.

Yeni il ərəfəsində məcburi köçkünlərin yeni mənzillərdə yerləşdirilməsinə başlanılıb.

Orphus sistemi