Goranboyda “Ağ ölüm əsrin bəlasıdır!” mövzusunda maarifləndirici tədbir keçirilib

Goranboyda “Ağ ölüm əsrin bəlasıdır!” mövzusunda maarifləndirici tədbir keçirilib Goranboy. 28 fevral. REPORT.AZ/ Goranboy rayonunda “Ağ ölüm əsrin bəlasıdır!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Sosial müdafiə
28 Fevral , 2019 20:13
Goranboyda “Ağ ölüm əsrin bəlasıdır!” mövzusunda maarifləndirici tədbir keçirilib

Goranboy. 28 fevral. REPORT.AZ/ Goranboy rayonunda “Ağ ölüm əsrin bəlasıdır!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bu barədə "Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirlər görməklə yanaşı, həm də gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirirlər. Belə tədbirlərdən biri Goranboy rayon Polis şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Veyisli kənd orta məktəbində gerçəkləşib.

“Ağ ölüm əsrin bəlasıdır!” mövzusunda keçirilən həmin tədbirdə çıxış edən Goranboy RPŞ-nin rəisi, polis polkovniki Ramin Qədirov şagirdlərin nəzərinə çatdırıb ki, narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir.

O qeyd edib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs sonradan onun bəlasından qurtula bilmir, əksinə, öz gələcəyini bilərək məhv edir: "Narkotacirlər isə məhz iradəsi zəif olan gənclər vasitəsilə öz şəbəkələrini genişləndirərək xüsusilə məktəbliləri bu işə cəlb etməyə, qazanc götürməyə çalışırlar".

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyil göstərməsinin qarşısını almaq üçün valideyn və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkil olunmasına diqqət yetirməli, uşaqların elmə, idmana və faydalı təlimlərə yönləndirilməsi, vətənpərvər ruhda böyümələri istiqamətində davamlı işlər aparmalıdırlar.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi