"Gənclər üçün Krizis telefon xətti" bərpa olunub

"Gənclər üçün Krizis telefon xətti" bərpa olunub Xidmətin əsas məqsədi böhran (krizis) vəziyyətinə düşmüş yeniyetmə və gənclərə ilkin psixososial yardım göstərməkdir
Sosial müdafiə
199
22 Avqust , 2017 12:18
Gənclər üçün Krizis telefon xətti bərpa olunub

Bakı. 22 avqust. REPORT.AZ/ Gənclərə mütəxəssislər tərəfindən anonim psixososial dəstək göstərilməsi məqsədi ilə “Krizis telefon xətti” bərpa edilib.

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyindən məlumat verilib. 

Artıq gənclər 510-66-36 nömrəli telefon nömrələrinə zəng etməklə onları narahat edən sualları mütəxəssislərə ünvanlaya bilərlər.

Fəaliyyət göstərən xidmətin əsas məqsədi böhran (krizis) vəziyyətinə düşmüş yeniyetmə və gənclərə ilkin psixososial yardım göstərməkdir. Qeyd edək ki, krizis vəziyyətinə düşmənin müxtəlif səbəbləri ola bilər ki, onlar arasında da, gəncə qarşı zorakılıq, yaxın adamın itirilməsi, alkoqola, narkotiklərə alüdəçilik, ağır, sağalmaz xəstəlik haqqında diaqnoz, sevdiyi adamla münasibətlərin kəsilməsi, ayrılıq, ailədaxili münaqişələr və s. yer alır. Krizisə vaxtında müdaxilənin edilməməsi gənclər tərəfindən qeyri-adekvat addımların atılmasına gətirib çıxara bilər. Məsələn, başqasına və özünə qəsd, psixoaktiv maddələrdən istifadə və s buna şamil edilə edilər.

Xatırladaq ki, “Gənclər üçün Krizis Xətti” layihəsi Gənclər və İdman nazirliyi tərəfindən ilk dəfə 2006-ci ildə dəstəklənib. Analoji beynəlxalq metodikalar əsasında təşkil edilən və on ildən artıq dövrdə mütəmadi dəstək almış xidmətdə xüsusi hazırlıq keçmiş peşəkar mütəxəssilər işləyir.

Fəliyyət göstərdiyi vaxt ərzində xəttə 35 mindən artıq zəng daxil olub. “Krizis telefon xətti” 14-29 yaşda olan gənclər ücün nəzərdə tutulsa da, zəng edənlər arasında digər yaş grupunun da nümayəndələri vardır. Krizis xidmətinə müraciət edənlər sırasında ən gənc istifadəçinin yaşı 7, ən yuxarı yaş həddində olanın isə – 60 qeyd edilir.

“Krizis telefon xətti” Bakı şəhərinin əhalisi ücün nəzərdə tutulmasına baxmayaraq, xidmətə Azərbaycanın rayonlarından da çox sayda zənglər daxil olur.

Qeyd edək ki, xidmət pulsuz və anonimdir. Bütün zənglər haqqında məlumat xüsusi hazırlanmış "Krizis vəziyyətlərin kodifikatoru"nda əks etdirilir. Bu məlumatlar ətraflı və etibarlı məlumat bankını formalaşdırır və təhlil olunur.

Xidmətdə işləmək üçün psixologiya üzrə mütəxəssislər seçilib. Həmin şəxslərə peşəkar mütəxəssislər tərəfindən 6 günlük əlavə xüsusi treninq də keçilib.

Gənclər üçün Krizis Xəttinə müraciət üçün (012) 510-66-36 şəhər telefon nömrəsi ilə əlaqə saxlamaq olar. 

Son xəbərlər

Orphus sistemi