Yuxarı

​"Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması qaydaları təsdiq edilib

Nazirlər Kabineti bu barədə qərar qəbul edib

Bakı. 14 iyun. REPORT.AZ/ Nazirlər Kabineti “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzanaıb.

“Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin qaydaları “Gənclər siyasəti haqqında” qanununa əsasən hazırlanıb və “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması məsələlərini tənzimləyir.

Qaydalara görə, “Gənclər evi” inzibati ərazi vahidlərində əhalinin sayı nəzərə alınmaqla, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına inşa edilib və gənclər siyasətinə aid sahələrdə fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Həmçinin qeyd olunur ki, o, Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan, tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən qeyri-kommersiya hüquqi şəxsidir.

Şəbəkənin yaradılmasında əsas məqsəd aşağıdakılardır:

- gənclər siyasətinin həyata keçirilməsi üçün layihələrin müəyyən edilməsində və təşkilində iştirak edilməsi və onlara dəstək verilməsi;

- gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində təbliğat və təşviqat işinin aparılması;

- ölkənin ictimai-siyasi həyatında gənclərin fəallığının artırılmasınınstimullaşdırılması və gənclərin ictimai iştirakçılığının artırılması;

- gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi üçün onların alkoqollu içkilərin, tütün, narkotik vasitələrin, psixotrop maddələrin istifadəsindən çəkindirilməsi məqsədi ilə maarifləndirilməsi, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, düzgün qidalanma, fiziki aktivlik, reproduktiv sağlamlıqla bağlı biliklərinin artırılması istiqamətində işlərin həyata keçirilməsi;

- gənclərin məşğulluğunun təmin edilməsi məqsədi ilə onlara peşəyönlü, məşğulluq və əlavə təhsil seçimi istiqamətində məsləhət və təlim xidmətlərinin göstərilməsi;

- gənclərin yüksək texniki və texnoloji nailiyyətlərdən istifadə sahəsində səriştələrinin artırılması, onların müasir informasiya-kommunikasiya texnologiyalarına yiyələnməsi istiqamə-tində müvafiq tədbirlərin həyata keçirilməsi;

- gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsi;

- gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi;

- gənclərin ahəngdar inkişafı və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlərin yerinə yetirilməsi;

- gənclərin yaradıcılıq özfəaliyyətinin inkişafına dəstək verilməsi;

- gənclər siyasəti çərçivəsində Nazirlik tərəfindən müəyyən edilmiş müxtəlif tədbirlərin həyata keçirilməsi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi