Gəncədə Vətən müharibəsi dövründə dağılmış evlərdə təmir-bərpa işləri davam etdirilir.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonları artilleriya qurğularından və ballistik raketlər kompleksindən atəşə tutaraq dinc əhalini və mülki obyektləri hədəf aldı. Erməni silahlı dəstələrinin həyata keçirdiyi insanlığa və heç bir müharibə qaydalarına sığmayan terrorlar nəticəsində onlarla günahsız dinc sakin dünyasını dəyişib, yüzlərlə fərdi yaşayış evləri, sosial, iaşə və xidmət obyektlərinə ciddi ziyan dəyib.
Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə yaradılan Dövlət Komissiyasının yekun qərarından sonra evlərin və obyektlərin bərpa-tikinti işlərinə başlanıldı. Ölkə başçısının tapşırığına əsasən, ziyan dəyən tikililər bərpa edilərək sakinlərin ixtiyarına verilib. Digər evlərdə isə təmir-bərpa işləri davam etdirilir. Həmin evlərdən biri də, Gəncə şəhər sakini, Əliyev Əli Vaqif oğluna məxsus evdir.
Erməni terrorçularının Gəncə şəhərinə atdığı raketlərdən biri Ə.Əliyevə məxsus yaşayış evinin yaxınlığına düşüb.
Ə.Əliyev bildirib ki, 2020-ci il Oktyabrın 17-də ermənilərin Gəncəyə atdığı raketlərdən biri yaşadığı küçəyə düşüb.
"Bədnam qonşularımızın şəhərimizi raket atəşinə tutması nəticəsində evimə ciddi zərər dəymişdi. İki mərtəbəli 10 otaqdan ibarət evimdə əsaslı təmir-bərpa işləri aparılır, evin dam örtüyü tamam yenilənir. İnşallah tezliklə görülən işləri tam başa çatdırıb evi bizə təhvil verəcəklər."- deyən Ə.Əliyev bütün bunlar üçün Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ailəsinin adından təşəkkürlərini də bildirib.
Məlumat üçün bildirək ki, Gəncə şəhəri 44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzündən ən çox ziyan çəkmiş ərazilərimizdəndir. Burada ümumilikdə 3800-dən çox yaşayış və qeyri-yaşayış obyekti dağıdılmış və ya qismən ziyan görmüşdür. Dövlət başçısının tapşırığına əsasən hazırda 3200-ə yaxın tikili təmir-bərpa olunub, 12 yaşayış evi yenidən tikilib və hazırda onların təmir işləri aparılır. Bununla yanaşı 22 yaşayış evi tikilir, 1 bağçanın inşasına başlanılacaq. 500-dən çox tikili üzrə isə təmir-bərpa işləri davam edir. Gəncə şəhərində əhalinin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb olunub.
Qeyd edək ki, 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir. Həmin ərazilərdə 13000-dən çox tikiliyə ziyan dəyib ki, hazırki mərhələdə onlardan 11750-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər planlaşdırılmış qrafik üzrə sürətlə aparılır və onların da yaxın zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib.