​Gələn il Azərbaycanda orta aylıq əmək haqqının real artımı 4,8%, nominal artımı 7,2% olacaq

​Gələn il Azərbaycanda orta aylıq əmək haqqının real artımı 4,8%, nominal artımı 7,2% olacaq DSMF sədri Elman Mehdiyev: "Azərbaycanda gələn ildən pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60 yaş müəyyənləşdirilib"
Sosial müdafiə
20 Noyabr , 2014 17:04
​Gələn il Azərbaycanda orta aylıq əmək haqqının real artımı 4,8%, nominal artımı 7,2% olacaq

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycanda iqtisadi inkişafa uyğun olaraq orta aylıq əmək haqqının artımı, yeni daimi iş yerlərinin yaradılması, qeydiyyatın gücləndirilməsi və pensiya sisteminə əlavə dövlət dəstəyi hesabına 2014-cü ilin yanvar-oktyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2 402 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8% çoxdur. “Report” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sosial sığorta gəlirləri əvvəlki ilin 10 ayına nisbətən 11% artaraq 1 386 mln. manata çatıb. Daxilolmaların 65%-i və ya 904 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,7% çoxdur. Dövlət büdcəsindən transfert proqnozlaşdırılan həcmdə, yəni 1 009 mln. manat təşkil edib.

Hesabat dövründə Fondun xərcləri 2 377 mln. manat olub və bunun 98%-i pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib. Cari ildə pensiyaların indeksləşdirilərək artırılması ilə bağlı Azərbaycan Prezidentinin sərəncamı vaxtında icra olunub, həmin hesaba, eləcə də yeni təyin olunan pensiyalarda sığorta hissəsinin tədricən yüksəlməsi nəticəsində əmək pensiyalarının orta aylıq məbləği 173 manata, yaşa görə pensiyaçılar üçün isə 192 manata çatdırılıb. Bu, yaşa görə orta pensiya məbləğinin 2003-cü illə müqayisədə 10,3 dəfə artımı deməkdir və MDB-nin pensiyanın məbləği nisbətən yüksək olan ilk 4 dövləti arasında ən yüksək artımdır. Həmçinin Azərbaycan pensiyanın minimum məbləğinin əmək haqqının minimum məbləğinə nisbətinə görə MDB-nin minimum əmək haqqı göstəricisi yüksək olan ilk 3 ölkə arasında birinci yerdədir.

Fondun sədri həmçinin növbəti ilin büdcəsinə təsir edən makroiqtisadi, demoqrafik, məşğulluq və sığorta-pensiya sisteminin özünəməxsus göstəricilərinin dəyişmə ehtimallarını da açıqlayıb. Belə ki, əsas makroiqtisadi göstəricilər kimi ÜDM-in 4,4% real artımı şəraitində orta aylıq əmək haqqının real artımı 4,8%, nominal artımı 7,2%, əvvəlki ilə görə istehlak qiymətləri indeksinin 2,3% təşkil edəcəyi gözlənilir. Bununla yanaşı, məşğulluq göstəriciləri üzrə iqtisadi fəal əhalinin orta illik sayı 4 848 min nəfər, bundan iqtisadiyyatda məşğul olanların sayı 4 639 min nəfər və muzdla işləyənlərin orta illik sayı 1 582 min nəfər proqnozlaşdırılır. Demoqrafik göstəricilər sırasında bütün əhalinin 21,8%-ni 15 yaşınadək olanlar, 69,0%-ni 15-59 yaşadək olanlar, 9,2%-ni 60 yaşdan yuxarı olanların təşkil edəcəyi gözlənilir. Sığorta-pensiya sisteminin özünəməxsus göstəriciləri üzrə pensiyaya çıxma yaşı 1 yanvar 2015-ci ildən kişilər üçün 63, qadınlar üçün 60 yaş, pensiyaçıların orta illik sayı 1 277,8 min nəfər götürülür, pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı və məcburi dövlət sosial sığorta haqqının dərəcələri dəyişmir.

DSMF rəhbəri bildirib ki, Fondun büdcə xərclərinin 97,8%-i və ya 2 989,2 mln. manatı əhaliyə ödənişlərə, 2,2%-i və ya 67,1 mln. manatı isə digər xərclərə yönəldiləcək. Əhaliyə ödənişlərin 97,4%-ni və ya 2 910,5 mln. manatını pensiya xərcləri, 2,6%-ni və ya 78,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcək. Növbəti ildə 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisinin 9,2% təşkil edəcəyi nəzərə alınarsa, bu kateqoriyanın əhalinin strukturundakı payının hər 1%-nə ÜDM-in 0,53%-i qədər pensiya xərci düşür ki, bu da beynəlxalq aləmdə qəbul edilmiş göstəriciyə (0,3-0,48%) uyğundur.

Gələn il pensiyaların baza hissəsinə və ona əlavələrə 1 536,5 mln. manat yönəldiləcək ki, bu da cari ildəkindən 18 mln. manat çoxdur.

Əmək pensiyalarının sığorta hissəsinin cari ilə nisbətən 8,2% artacağı proqnozlaşdırılır. Bu artımın 20,7 mln. manatı pensiya məbləğlərinin 2015-ci il yanvarın 1-dən 2,3%-lik inflyasiya səviyyəsinə uyğun indeksləşdirilmə xərclərinə, qalan hissəsi (83,2 mln. manat) qulluq stajına görə əlavələrin artımına, eləcə də sistemə daxil olan və sistemdən çıxan pensiyaçıların pensiyaları arasındakı fərqin maliyyələşdirilməsinə yönəldiləcək.

"DSMF-nin 2015-ci il üçün büdcəsi haqqında qanunun qəbulu bu prioritetlərə nail olunmasına keçid istiqamətində etibarlı maliyyə təminatını formalaşdıracaq və pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan yaradacaq", - deyə E.Mehdiyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi