​Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı artıb

​Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı artıb Fərdi şəxsi hesabı olanlar arasında 30 yaşa kimi olan sığortaolunanlar üstünlük təşkil edir
Sosial müdafiə
12 Yanvar , 2015 12:02
​Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı artıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Cari ilin yanvar ayının 1-nə olan statistikaya əsasən, 2014-cü il ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 284 961 sığortaolunana fərdi şəxsi hesab açılıb. 2014-cü ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 10,6 faiz artıb. "Report" xəbər verir ki, bu barədə DSMF-nin İctimaiyyətlə əlaqələr sektorunun yaydığı məlumatda bildirilir.

Beləliklə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 976 318 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,01 faizi (1758 006 nəfər) kişi, 40,99 faizi (1218312 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30 yaşa kimi olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,6 faizini (733 871 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 23,8 faizini (708 450 nəfər) 30-40 yaş aralığında olan şəxslər, 21,4 faizini (636 805 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 20,3 faizini (604 787 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 9,9 faizini (292405 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Fərdi uçot - Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 1 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Son xəbərlər

Orphus sistemi