Yuxarı
    Bağlamaq

    Əmək yarmarkasında tələbə və məzunlara 630 boş iş yeri təklif olunub

    Tədbirdə 103 müəssisə iş yeri təklif edib

    Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi tələbə və məzunların əmək yarmarkasında 630-a yaxın boş iş yeri təklif olunub. Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Tədbirdə 15-i dövlət, 88-i qeyri-dövlət sektoruna aid ümumilikdə 103 müəssisə iş yeri təklif edib. Boş iş yeri təqdim edən müəssisələr sırasında ARDNŞ, "Bakı Gəmiqayırma Zavodu" MMC, "Azərcell Telekom" MMC, "Bakcell LTD" MMC, "Azərfon" MMC, "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası, Qaradağ Sement ASC, "Norm" MMC, "Baku Electronics" MMC, "Parabank" ASC, "Embawood" və digər iri şirkətlər də olub. Müəssisələrin nümayəndələrinin də iştirak etdikləri tədbirdə tələbə və məzunlara mövcud əmək bazarı, müəssisə, idarə və təşkilatlarda onların ixtisaslarına olan tələbat barədə məlumatlar verilib. Onlar işəgötürənlərlə bilavasitə qarşılıqlı ünsiyyət imkanı qazanaraq, gələcəkdə işləmək istədikləri müəssisələrin işəgötürənlərinə özləri barədə şəxsi məlumatları təqdim ediblər.

    Tədbir zamanı boş iş yerlərinə göndərişlər də verilib, habelə bir sıra şəxslərin istəklərinə uyğun olaraq ƏƏSMN-nin Bakı Regional Peşə Tədrisi Mərkəzində ixtisasartırma kurslarına cəlb olunmaları üçün qeydiyyat aparılıb. Bununla yanaşı, Bakı Əmək Birjasının nümayəndəsi də tədbirdə iştirak edərək, yay tətili zamanı müvəqqəti və mövsümi xarakterli işlərdə çalışmaq istəyən şəxsləri qeydiyyata götürüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi