Yuxarı
    Bağlamaq

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli əməkdaşları cəzalandırılıb

    Nazirlikdə kollegiya iclası keçirilib

    Bakı 18 yanvar. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət məşğulluq siyasətinin icrası, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və səmərəli məşğulluğunun təmin edilməsi, əmək bazarının tələbləri əsasında aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

    Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq, dünyada və regionda təhlükələrin, risklərin artdığı, böhranın dərinləşdiyi 2016-cı ildə də ölkəmizdə əmin-amanlığın, sosial-iqtisadi sabitliyin qorunub saxlandığını vurğulayıb.

    Nazir ötən ilin əsas uğurlarından biri kimi, əmək bazarında da sabitliyin qorunub saxlandığını, ölkəmizdə daha 100 mindən çox daimi iş yerinin yaradıldığını diqqətə çatdırıb.

    S.Müslümov ötən il nazirliyin məşğulluq orqanlarının fəaliyyətindən bəhs edərək bildirib ki, nazirliyin məşğulluq orqanları tərəfindən 2016-cı ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfər münasib işlə təmin olunub. Onlardan 20 475 nəfəri gənclər olub: “Möhtərəm dövlət başçımızın sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü nəticəsində keçən il dövlət təşkilatlarında on minlərlə iş yerinin yaradılması və bu iş yerləri üzrə nazirliyin məşğulluq orqanlarına vakansiyaların təqdim edilməsi işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatında xüsusi önəm kəsb edib. Həmin iş yerlərinə göndərişlərin verilməsi prosesinin şəffaf şəraitdə həyata keçirilməsi üçün bu prosesə ciddi nəzarət olunub. Təqdim olunmuş vakansiyalar üzrə ilk növbədə işsiz və işaxtaran kimi uzun müddət qeydiyyatda olan, iş tapmaqda çətinik çəkən şəxslərin məşğulluğunun təminatına üstünlük verilib. Cənab Prezidentin tapşırığına uyğun olaraq, cari ildə də işsiz və işaxtaran vətəndaşlar üçün dövlət təşkilatlarında iş yerlərinin yaradılması nəzərdə tutulub. Artıq bu prosesə, eləcə də məşğulluq orqanlarına məlumatların təqdim olunmasına başlanılıb”.

    Nazir Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli sərəncamı ilə özünüməşğulluq proqramının icrasına başlanmasını ötən il sosial sahədə önəmli tədbirlərdən biri kimi vurğulayıb: “Ölkənin 76 rayon və şəhəri üzrə bu proqramda iştirak etmək istəyən işsiz və işaxtaran vətəndaşlar biznes bilik və bacarıqlarına yiyələnmək üçün iki aylıq təlim kurslarına cəlb ediliblər. Ötən ilin noyabr ayının əvvəlindən kursları başa çatdıranlar üçün qiymətləndirmə prosesinə başlanılıb və hazırda davam etdirilir. İndiyədək qiymətləndirmədən keçənlərdən 600 nəfərə yaxın vətəndaşın biznes-planları uğurlu hesab olunub və onlara sertifikatlar verilib. Yaxın günlərdə həmin şəxslərin biznes-planlarının reallaşdırılması üçün mal və materiallar formasında dəstəklənməsi təmin ediləcək”.

    İclasda görülən işlərin müsbət nəticələri qeyd olunmaqla yanaşı, yol verilən nöqsan və çatışmazlıqlardan da bəhs olunub. Fəaliyyətində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul edilib. Qarşıda duran vəzifələr müzakirə olunub və nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi