Yuxarı
    Bağlamaq

    Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciət edənlərin sayı açıqlanıb

    Sistemdən bu ilin iyunun 1-dək 5 milyon 440 min dəfəyə yaxın istifadə olunub

    Bakı. 10 iyun. REPORT.AZ/ Bu ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin sayı əvvəlki aprel ayı ilə müqayisədə 4 faiz, ötən ilin may ayı ilə müqayisədə isə 33,9 faiz artaraq 206 424-ə çatıb.

    Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Həmin müraciətlərin 194 438-i “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə, 11986-sı isə “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə yönəlib.

    Əmək müqaviləsi bildirişləri üzrə elektron qeydiyyat sistemi əmək münasibətlərinin elektron şəkildə qeydiyyatdan keçirilməsinə və əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə olunmasına xidmət edir. Ölkəmizdə sosial-iqtisadi idarəçilik sahəsində mühüm innovativ yeniliklərdən biri olan bu sistemin tətbiqinə 2014-cü ilin iyul ayından başlanılıb. Həmin vaxtdan hər bir bağlanan əmək müqaviləsinin, bu müqaviləyə dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq bildiriş formasında “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə elektron qaydada rəsmiləşdirilməsi prosesi həyata keçirilir.

    Sistem həmçinin, vətəndaşlara “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən istifadə etməklə onlarla bağlanan əmək müqaviləsi bildirişləri barədə real vaxt rejimində məlumat əldə etməyə imkan verir.

    Bu ilin iyunun 1-dək əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 5 milyon 438 min 642 dəfə istifadə qeydə alınıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi