“Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib

“Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib Bakı. 20 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.
Sosial müdafiə
20 Dekabr , 2017 20:11
“Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib
Report/ Orkhan Azim

Bakı. 20 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı, Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) prezidenti Nuran Kərimov, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, Beynəlxalq Miqrasiya Təşkilatının Vyanadakı Regional Ofisinin baş mütəxəssisi Maykl Nyuson və ayrı-ayrı hökumət qurumlarının nümayəndələri iştirak edib.

S.Müslümov Azərbaycanda əldə olunan mühüm makroiqtisadi nailiyyətləri diqqətə çatdırıb, eyni zamanda əmək bazarında da inkişaf meyllərinin olduğunu vurğulayıb: “Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə də reytinqinin getdikcə artmasına şərait yaradıb. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutması bunu bir daha təsdiq edir”.

Nazir ötən dövrdə əmək bazarında özünü göstərən proseslərdən bəhs edərək, bu kontekstdə məşğulluq sahəsində ortaya çıxan çağırışların, o cümlədən əmək qabiliyyətli əhalinin əmək bazarının tələblərinə uyğunlaşdırılması çağırışının aktuallıq kəsb etdiyini bildirib: “Azərbaycanın əmək qanunvericiliyinə əsasən, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər”.

S.Müslümov qeyd edib ki, əmək bazarı işçi qüvvəsinə olan tələb və təklifi müəyyən edən amillərin təsiri altında formalaşır: “İşçi qüvvəsinin təklifi üzrə amillərə demoqrafik vəziyyət, əhalinin gender-yaş strukturu, əmək qabiliyyəti, məşğul, işsiz əhalinin dinamikası, əmək miqrasiyası, təhsil səviyyəsi və s. aiddir. İşçi qüvvəsinə tələbin müəyyənləşdirilməsinə təsir edən amillərə isə iqtisadi artım dinamikası, fiskal vəziyyət, monetar siyasət, investisiya siyasəti tədbirləri və s. daxildir”. 

İşçi qüvvəsinə təklifi müəyyənləşdirən amillərdən bəhs edən nazir Azərbaycanın demoqrafik baxımdan sabit inkişaf edən ölkə olduğunu vurğulayıb: “2006-2016-cı illər ərzində Azərbaycanda əhalinin orta illik artım tempi 1,3 faizə yaxın olmuşdur. Bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdən hesab edilir. Həmin dövrdə ölkəmizdə əhalinin sayı 14,7 faiz artaraq 2017-ci ilin 1 yanvar tarixinə 9,8 milyon nəfər təşkil etmişdir. (1 noyabr 2017-ci il tarixə ölkə əhalisinin sayı 9.883,3 min nəfərə çatmışdır). Əhalinin 50,1 faizini qadınlar təşkil edir”.

Yaş strukturu baxımından Azərbaycan əhalisinin cavan olduğunu və orta yaşın 32,3 yaş təşkil etdiyini bildirən S.Müslümov qeyd edib ki, bu göstərici qadınlar üzrə kişilərə nisbətən yuxarıdır

Nazir qeyd edib ki, orta təhsil müddətinin başa çatması və bundan sonra müəyyən vaxt lazım olması amilləri nəzərə alınmaqla əmək bazarına faktiki daxil olma yaşını 18 yaş həddində götürmək hesabı ilə şərti müqayisə apardıqda 2017-2025-ci illərdə 18 yaşda olanların, yəni müvafiq olaraq 1999-2007-ci illərdə anadan olanların (1 yaşadək ölən uşaqlar çıxılmaqla) ümumi sayı, 1 127,2 min nəfər, orta hesabla illik sayı isə 125,2 min nəfər təşkil edir. Hər il əmək bazarına ilk dəfə işaxtaran kimi daxil olan gənc yaşda əhalinin sayının çox olması (orta hesabla il ərzində 100 min nəfər) və bacarıqlarının əmək bazarının tələblərinə cavab verməməsi qarşıdakı illərdə gənclərin məşğulluğunun təmin edilməsi sahəsində tədbirlərin daha da gücləndirilməsini şərtləndirir. Ümumilikdə yaranacaq izafi işçi qüvvəsinin məşğulluğunun təmin edilməsi əsas vəzifələrdən biri kimi qarşıda dayanır.

Konfransda H.Rəcəbli əmək bazarında baş verən dəyişikliklərlə əlaqədar yeni çağırışların bu sahədə aparılan siyasətin daim təkmilləşdirilməsini və peşə təhsili ilə əlaqəli həyata keçirilməsini tələb etdiyini, hazırkı konfransın bununla bağlı məsələlərin müzakirəsi baxımından önəmli olduğunu qeyd edib. Komitə sədri özünüməşğulluq proqramının əhəmiyyətindən bəhs edərək, bu proqramın aztəminatlı ailələrin məşğulluq potensialının reallaşdırılması yolu ilə onların yoxsulluqdan kiçik ailə biznesinə çıxışına imkan yaratdığını bildirib.

V.Qasımlı milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin eyni zamanda əmək bazarında inkişaf meyllərini stimullaşdırmağa yönəldiyini bildirib, iqtisadiyyatın innovativ inkişafının əmək bazarında peşə-ixtisas bacarıqları üzrə işçi qüvvəsinə tələbin də bu istiqamətdə dəyişməsini şərtləndirdiyini diqqətə çatdırıb. O, məşğulluqda əmək tutumlu modelin önəmini də qeyd edib.

Konfrans “Əmək bazarı və iqtisadi inkişaf çağırışları” və U.Ələkbərovun moderatorluğu ilə “İnsan kapitalı: İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzularında panel iclasları ilə davam edib. İclaslarda “İqtisadiyyatda struktur islahatları və məşğulluq” və “Özünüməşğulluq: sosial reabilitasiya islahatları” (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri), “Əmək bazarı institutları və sahibkarlıq” (N.Kərimov), “Miqrasiya trendləri və onların əmək bazarına təsirləri” (M.Nyuson), “İnsan kapitalının innovativ inkişafda rolu” (N.İmanov), “Ali təhsil islahatlarının insan kapitalının inkişafında rolu” (M.Babayev), “Əmək bazarı və peşə təhsili əlaqələri: İslahatlar və perspektivlər” (F.Mustafayev), “Strateji yol xəritələri: İnsan kapitalının inkişafı” (Mətanət Rəsulova, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin HR meneceri) mövzularında təqdimatlar olacaq və müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi