​Elmira Süleymanova Binəqədidə baş vermiş yanğından zərərçəkən ailələrə baş çəkib

​Elmira Süleymanova Binəqədidə baş vermiş yanğından zərərçəkən ailələrə baş çəkib O, yanğın zamanı bir ailədən həlak olmuş Zülfiyyə Şirinova və onun övladları Ülkər və Davud Eyvazovların yas mərasimində iştirak edib
Sosial müdafiə
21 May , 2015 19:20
​Elmira Süleymanova Binəqədidə baş vermiş yanğından zərərçəkən ailələrə baş çəkib

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Binəqədi rayonundaki çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar zərərçəkmiş ailələrə baş çəkib. Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

O, Dövlət Sərhəd Xidmətinin Görədil qəsəbəsindəki “Sərhədçi” istirahət mərkəzinə gedərək, orada kotteclərdə yerləşdirilmiş ailələrlə görüşüb. Müvəkkili Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlı müşayiət ediblər.

Həmin mərkəzdə səkkiz ailə üçotaqlı doqquz kottecdə yerləşdirilib. E.Süleymanova həmin ailələrin üzvləri ilə görüşərk söhbət edib. Ailə başçısı İdris Xəlilovla söhbət zamanı o, zərərçəkən ailələr üçün yaradılmış şəraitidən razı olduqlarını, kotteclərin hər cür müasir avadanlıqla, televizorla təmin edildiyini, onlara diqqət və qayğı ilə yanaşıldığını, xoş rəftar göstərildiyini, burada məskunlaşmış ailələrin şəhərə gedib-gəlməsi üçün xüsusi avtobus ayrıldığını söyləyib.

Digər ailə ilə görüş zamanı dörduşaqlı ana Mənsurə Həmidli bu il övladlarından birinin ali məktəbə qəbul imtahanı verəcəyini, qarşıdakı sınaqlara hazırlaşdığını söyləyib. Müvəkkil hər iki ailənin üzvlərinə onların ehtiyaclarının, problemlərinin həllində səlahiyyətləri çərçivəsində yardım göstərməyə hazır olduğunu bildirib.

Müvəkkil kotteclərə və yeməkxanaya baxış keçirib. Zərərçəkmiş ailələrin üzvləri onlara vaxtında yüksək keyfiyyətli yeməklər, meyvə-tərəvəz verildiyini, 24 saat ərzində tibb xidməti ilə təmin olunduqlarını, kommunal xidmətlərlə təmin edildiklərini söyləyiblər. Ombudsman məktəblilərə qısa zamanda zəruri dərs vəsaiti verilməsini, habelə psixoloq dəstəyinin vacibliyini vurğulayıb.

Zərərçəkmiş ailələrin üzvləri müvəkkilə onlara göstərdiyi qayğı və diqqətə görə təşəkkür ediblər.

Dövlət Sərhəd Xidmətinin Mənəvi psixoloji hazırlıq idarəsinin rəisi, həkim-psixoloq Vəli Nağıyev ombudsmana yanğın zamanı ağır stress və həyəcan keçirmiş insanların vəziyyətinin, sağlıq durumunun diqqətdə saxlanıldığını, onlara zəruri tibbi-psixoloji məsləhətlər verildiyini bildirib.

E.Süleymanova müəssisənin rəhbərliyinə burada yerləşdirilmiş ailələrlə bağlı müvafiq tövsiyələr verib.

“Sərhədçi” istirahət mərkəzində yerləşdirilən ailələrə Dövlət Sərhəd Xidməti tərəfindən də əlavə maddi yardım göstərilib.

Ombudsman zərərçəkmiş ailələrin vəziyyəti ilə bağlı bu müəssisədən yazı hazırlayan “Xalq qəzeti”nin müxbirinə müsahibə verib.

Qeyd edək ki, yanğının nəticələrinin tezliklə aradan qaldırılması ilə bağlı Azərbaycan Prezidentinin sərəncamı ilə dərhal Dövlət Komissiyası yaradılıb. Hazırda Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi qərargah yaradılıb, zərərçəkən ailələrin müvəqqəti mənzillə təmin olunması, yanmış sənədlərinin bərpa edilməsi və digər problemlərinin həlli sahəsində təxirəsalınmaz işlər görülür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin yaşayış binasında qeydiyyatda olan ailələrin hər birinə ilkin kompensasiya verilib, yanan binanın sakinlərinin bir hissəsinin öz arzusu ilə müvəqqəti yerləşdirilməsi üçün müxtəlif pansionatlarda otaqlar və kotteclər ayrılıb. Ailələrin böyük əksəriyyəti yaxın ərazilərdə mənzil kirayə etməyə üstünlük verib, onlara ödənilən məbləğ hesabına kirayə evlərdə, yaxud qohumlarının evlərində yerləşib.

Müvəkkil yanan binanın sakinlərinin müvəqqəti yaşayış yeri ilə təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yerlər ayırdığı Bilgəhdəki Müharibə və Əmək Əlilləri üçün pansionatına Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini və Bilgəh qəsəbə nümayəndəsi ilə birlikdə baş çəkib. Həmin pansionatda bu ailələr üçün iki kottec və 18 otaq hazırlanıb. E.Süleymanova burada ailələr üçün ayrılmış yerlərə baxıb.

Ombudsman eyni zamanda vaxtilə Qarabağ müharibəsində döyüşmüş, milliyətcə əfqan olan Yasin Əkbəri və onun ailə üzvləri ilə görüşüb. Görüş zamanı Y.Əkbəri beşuşaqlı ailəsi üçün ƏƏSMN tərəfindən kottec ayrıldığını, mebellə və digər məişət avadanlığı ilə təmin olunduğunu bildirib.

E. Süleymanova yanğın zamanı bir ailədən həlak olmuş Zülfiyyə Şirinova və onun övladları Ülkər və Davud Eyvazovların yas mərasimində iştirak edib. O, başsağlığı verərək, bu ailənin ağır dərdini bütün xalqımızın ürək ağrısı və kədərlə bölüşdüyünü söyləyib, dünyasını dəyişən insanlara Allahdan rəhmət, mərhumların yaxınlarına və doğmalarına səbr diləyib.

Son xəbərlər

Orphus sistemi