Yuxarı

Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı proqram təsdiqlənib

Onlara diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının həyata keçirilməsi də əksini tapıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib. Bu barədə "Report"a naziriliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, proqramda cari il ərzində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xarici ölkələrdə ixtisaslaşmış reabilitasiyasına şəraitin yaradılması, həmçinin respublika daxilində müalicələrinə köməklik göstərilməsi, asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi nəzərdə tutulur. Eyni zamanda, sənəddə bu təbəqədən olan insanların sosial müdafiəsi və reabilitasiyası sahəsində beynəlxalq təcrübənin tətbiqi ilə əlaqədar əməkdaşlıq və informasiya mübadiləsinin, onlara diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının həyata keçirilməsi də əksini tapıb.

Qeyd edilən proqram həmçinin cari il ərzində Əlilliyi olan şəxslərin IX Ümumrespublika yaradıcılıq sərgi müsabiqəsinin keçirilməsini, bu təbəqədən olan insanlar arasında idman tədbirlərinin təşkilini və onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılmasını nəzərdə tutur. Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili, ayrı-ayrı əlamətdar günlər və ildönümlərlə bağlı əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara maddi və texniki yardımın təşkili, sosial xidmət müəssisələrinə texniki yardım göstərilməsi və digər tədbirlər də Proqramda yer alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi