Bakı. 23 iyun. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq əlilliyi olan daha 50 nəfər Xaçmaz rayonundakı Nabran istirahət zonasında yerləşən istirahət mərkəzinə göndərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, proqrama əsasən, bu il 1100 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub.
Ötən aydan etibarən bu istiqamətdə müvafiq işlərə başlanılıb və artıq 805 nəfər əlilliyi olan şəxs Lənkəran, Xaçmaz, Quba rayonlarındakı istirahət mərkəzlərinə göndərilib.
Əliliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və müəyyən olunmuş müddətdən sonra geri qaytarılması üçün nəqliyyat vasitəsi də ayrılıb.
Əlilliyi olan şəxslər onların maddi təminatlarının artırılması, tibbi-sosial reabilitasiyası istiqamətində tədbirlərin ildən-ilə uğurla davam etdirilməsindən razılıqlarını ifadə ediblər. Onlar belə tədbirlərin əlilliyi olan insanlara cəmiyyətin digər üzvləri kimi bərabər imkanların yaradılmasına xidmət etdiyini qeyd edərək, göstərilən diqqət və qayğıya, o cümlədən yaz-yay mövsümündə istirahət etmələri üçün aparılan işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını vurğulayıblar.