Əlilliyi olan bir qrup şəxs Türkiyəyə müalicəyə göndərilib

Əlilliyi olan bir qrup şəxs Türkiyəyə müalicəyə göndərilib Saday Abdullayev: "Bu ilin ötən dövrü ərzində 265 nəfər əlilliyi olan şəxs xaricdə müalicə alıb"
Sosial müdafiə
6 Noyabr , 2015 14:39
Əlilliyi olan bir qrup  şəxs Türkiyəyə müalicəyə göndərilib

Bakı. 6 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan daha 20 nəfər şəxsi Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə yola salıb. Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, həmin şəxslər Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində həmin bölgənin zəngin təbii müalicəvi resurslardan istifadə şəraitində və peşəkar həkim-reabilitoloqların nəzarəti altında bərpa-müalicə kursu keçəcəklər.

Əlilliyi olan şəxslərin yola salınması zamanı nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bu sahədə işlərin ilbəil gücləndirildiyini vurğulayıb: “Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 265 nəfər, o cümlədən 135 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşayiəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib ki, bu da ümumən ötən il göndərilənlərdən 64,6 faiz çoxdur. Həmçinin ötən illə müqayisədə 77,6 faiz çox əlilliyi olan şəxsin, 53 faiz çox sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib. Bu gün 20 nəfər əlilliyi olan şəxsin Türkiyəyə göndərilməsi ilə bu təbəqədən olan şəxslərin xaricdə bərpa-müalicəsi ilə bağlı cari il üçün nəzərdə tutulan tədbirlər artıq başa çatdırılır”.

S.Abdullayev Nobel Tibb Mərkəzində hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s. növlərdə müalicə prosedurlarının həyata keçirildiyini, bir çox çətin sağalan xəstəliklərin müalicəsi baxımından həmin mərkəzin müsbət təcrübəsinin olduğunu qeyd edib: “Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların bərpa müalicəsi sahəsində ölkə daxilində də mühüm işlər aparılır. Təkcə cari ilin 9 ayında nazirliyin bərpa-müalicə müəssisələrində 5 min nəfərədək əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa müalicə xidməti, 7158 nəfər şəxsə protez-ortopedik bərpa xidməti göstərilib, 2526 nəfər müvafiq şəxs müalicəsi ilə əlaqədar sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin edilib, 53 nəfərin ölkə daxilində və xaricdə müalicəsinə maddi köməklik göstərilib”.

Qeyd edək ki, əlilliyi olan insanların rahat şəkildə Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzinə çatdırılması, onların orada 5 ulduz oteldə yerləşdirilməsi, müvafiq xidmətlərlə təmin olunması üçün bütün təşkilati işlərin görülüb. Bu işlərə nəzarət etmək üçün nazirliyin bir nəfər həkim əməkdaşı da Türkiyəyə ezam edilib.

Son xəbərlər

Orphus sistemi