​Son 20 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 5,1 mlrd. manat sərf olunub

​Son 20 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 5,1 mlrd. manat sərf olunub Baş nazirin müavini Əli Həsənov Nazirlər Kabinetinin iclasda çıxış edib
Sosial müdafiə
11 Yanvar , 2015 10:22
​Son 20 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 5,1 mlrd. manat sərf olunub
Bakı. 11 yanvar. REPORT.AZ/ Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 20 ildə 5,1 milyard manat vəsait sərf olunub. Bunun 2,3 milyard manatı dövlət büdcəsinin, 1,8 milyard manatı Dövlət Neft Fondunun, 1 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

"Report" xəbər verir ki, bunu yanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Komitə sədri bildirib ki, dövlət başçısının həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan 2014-cü ildə də dünyadakı mövqeyini möhkəmləndirib, beynəlxalq aləmdə ölkəmizə olan maraq daha da artıb:

- Bu gün ölkəmizdə qalan əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsi olaraq 1 milyon 200 min qaçqın və məcburi köçkünün sosial problemləridir.

Dünyada hər il münaqişə zonalarının və qaçqın, məcburi köçkünlərin sayı artmaqda davam edir. Əgər bu gün dünyada münaqişə zonalarının sayı 35, qaçqın və məcburi köçkünlərin sayı 52,6 milyon nəfərdisə, 30 il əvvəl bu rəqəm 12 milyon nəfər, münaqişə zonalarının sayı isə cəmi 9 olub, təxminən 4 dəfə artıb. 52,6 milyon qaçqın və məcburi köçkünün isə 6 milyonu 2014-cü ildə yaranıb.

Ölkəmizin iqtisadi, ictimai-siyasi həyatında növbəti uğurlu il hesab olunan 2014-cü ildə də öz yurdlarından zorla qovulmuş soydaşlarımızın sosial problemlərinin həlli və mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə rəhbərinin diqqət mərkəzində olub, bu sahə ilə bağlı qəbul edilmiş Dövlət proqramları və ona Əlavələrin icrası uğurla davam etdirilib. Onların sosial problemlərinin həlli məqsədi ilə 2014-cü ildə ayrılmış 630 milyon manat həcmində vəsaitdən 273 milyonu büdcə, 300 milyonu Dövlət Neft Fondunun və 57 milyon manatı beynəlxalq humanitar və digər təşkilatların vəsaitidir. 2014-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1170 manat təşkil edir ki, bu da dünyanın bütün münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.

Hesabat ilində Ağdam rayonunda 632, Beyləqan rayonunda 320, Hacıqabul rayonunda 101, Gəncə şəhərində 600, Saatlı rayonunda 230, Qaradağ rayonunda 200, Mingəçevir şəhərində 594, Balakən rayonunda 45, Qaradağ rayonunda 240 və Abşeron rayonunda 160 ailə bütün sosial texniki infrastruktura malik yeni salınmış qəsəbə, yaşayış kompleksi və ya fərdi evlərə köçürülüb.

2014-cü il yanvarın 20-də Gəncə şəhərində 1500, avqustun 6-da Ağdam rayonunda 632, noyabrın 14-də isə Gəncə şəhərində 600 məcburi köçkün ailəsi üçün yeni qəsəbələr salınıb.

Maliyyə Nazirliyinin xətti ilə zəruri dövlət ehtiyacları ilə əlaqədar 950, Yasamal rayonu ərazisində müvəqqəti məskunlaşmış 262, Axıska türklərindən 111 ailə yeni mənzillərə köçürülüb.

İl ərzində 270 min kvadratmetr sahəsi olan 7 yeni yaşayış kompleksi salınıb, 2288 şagird yerlik 7 məktəb inşa edilib, həmçinin 6 uşaq bağçası, 6 tibb məntəqəsi tikilib istifadəyə verilib. 51 kilometr yol, 96 kilometr su xətti, 136 kilometr elektrik xətti, 86 kilometr qaz xətti çəkilib, 75 ədəd yüksəkgərginlikli transformator quraşdırılıb.

Beləliklə, 2014-cü ildə 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Qaçqın və məcburi köçkünlər üçün ümumilikdə indiyədək 2,8 milyon kvadratmetr yaşayış sahəsi olan 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət müasir yaşayış kompleksi salınıb, 46 min ailə və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Bundan da 42 min ailə, yaxud 210 min nəfər (91 faiz) son 11 ilin payına düşür.

Son 11 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Dövlətqaçqınkomun illik büdcəsi isə 5,5 dəfə artıb.

Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanılmış kredit sazişi üzrə 325 min nəfərin faydalandığı və dəyəri 30 milyon manat təşkil edən 520 mikrolayihə icra edilib. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 11 ildə 2000 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40 milyon manat güzəştli kredit verilib.

Həyata keçirilən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 11 ildə 75 faizdən 10 faizədək azalıb.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 20 ildə 5,1 milyard manat vəsait sərf olunub. Bunun 2,3 milyard manatı dövlət büdcəsinin, 1,8 milyard manatı Dövlət Neft Fondunun, 1 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Bu vəsaitin 86 faizi, yaxud 4,4 milyard manatı son 11 ildə istifadə olunub.

Respublikanın şimal bölgələrində - Balakən, Zaqatala, Qax, Oğuz, İsmayıllı, Quba, Qusar, Xaçmaz rayonlarında 2000 ailə və ya 8500 məcburi köçkün üçün yeni qəsəbələrin salınması məqsədilə 360 hektar torpaq sahəsi ayrılıb. Artıq Balakən, Qəbələ və İsmayıllı rayonlarında işlərin bir qismi icra olunub, Zaqatala rayonunda isə həmin işlərin 2015-ci ildə həyata keçirilməsi nəzərdə tutulub. Digər rayonlarda isə müvafiq layihə işləri görülür.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, məcburi köçkünlərin xeyli hissəsi hələ də çətin şəraitdə yaşayır. Ona görə də Sizin tapşırığınıza əsasən bu məqsədlə yeni Dövlət Proqramının layihəsi hazırlanır.

Ötən ilin iyul ayında öz əzizlərinin məzarlarını ziyarət məqsədi ilə Kəlbəcərə gedərkən ermənilər tərəfindən girov götürülmüş və beynəlxalq qanunlara hörmətsizlik edilərək mühakimə olunmuş iki məcburi köçkünün azad olunması istiqamətində Soçi görüşündə iştirakçı ölkələrin prezidentləri ilə ciddi müzakirələr apardınız, Ermənistan rəhbərliyinə layiq olduğu qiyməti verdiniz. Mütəmadi olaraq görüşlərdə bu problemi qaldırmağınız, hər 3 ailənin mənzillə təmin olunmasına dair humanist tapşırıq verməyiniz, Şahbaz Quliyevin Rusiya Federasiyasının vətəndaşı olan həyat yoldaşının işlə təmin edilməsi barədə verdiyiniz tapşırığın icrası, ermənilər tərəfindən qətlə yetirilmiş məcburi köçkün Həsən Həsənovun nəşinin qaytarılması - bütün bunlar onların ailə üzvləri və Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Tapşırığınıza əsasən, məsələ ilə bağlı başda BMT-nin baş katibi olmaqla, 7 beynəlxalq təşkilata müraciətlər göndərilib. Onların hamısından cavab alınıb. Bəziləri baş vermiş hadisəyə görə sadəcə təəssüfləndiklərini bildirir, bəziləri hətta üzr istəyir, bəziləri isə formal, bürokratik münasibət bəsləyirlər.

Diqqətinizə görə təşəkkür edirəm.

Son xəbərlər

Orphus sistemi