Yuxarı

Ekspert: "Azərbaycanda pasportun keyfiyyəti onun qiymətinə uyğun deyil"

Ekspert: "Azərbaycanda pasportun keyfiyyəti onun qiymətinə uyğun deyil"
Əgər vətəndaşdan rüsüm alınırsa pasport da keyfiyyətli hazırlanmalıdır

Bakı. 27 iyul. REPORT.AZ/ Ümumvətəndaşlıq pasportu (sadə insanlar bu sənədə "xarici pasport" deyir) hər bir ölkənin qeyri-rəsmi rəmzlərindən biridir. İstənilən ölkəyə səfər edən zaman ilk olaraq vətəndaşları ümumvətəndaşlıq pasportu ilə qarşılayırlar. Bəs Azərbaycandakı bu pasportların keyfiyyəti hansı səviyyədədir?

Ələsgər Məmmədli

Hüquqşünas Ələsgər Məmmədli mövzu ilə bağlı “Report”a açıqlamasında bildirib ki, Azərbaycan vətəndaşlarına verilən ümumvətəndaşlıq pasportlarının məlumat bazasının sürətli oxunmasında və səhifələrində hər hansı problem olmasa da, pasportların dayanıqlığında ciddi problemlər var: “Nəticə etibarı ilə, hər bir vətəndaş müəyyən qədər rüsum ödəməklə ümumvətəndaşlıq pasportunu əldə edir. Bu pasportlar pulsuz paylanılmır ki?! Buna görə də düşünürəm ki, əgər vətəndaşdan rüsüm alınırsa pasport da keyfiyyətli hazırlanmalıdır. Yəni, məsələyə gəlir əldə etmək kimi baxmaq lazım deyil”.

Ekspert vurğulayıb ki, Azərbaycanda pasportun keyfiyyəti onun qiymətinə mütənasib deyil: “Məsələn, kimsə ümumvətəndaşlıq pasportunu qısa müddət - 3 gün, 5 gün və ya 7 gün ərzində almaq istəyirsə, daha artıq rüsum ödəməklə xarici pasportunu əldə edir. Bu rüsumların qarşılığında isə ümumvətəndaşlıq pasportları hazırlanarkən keyfiyyətli, dayanıqlı kağız və boyalardan istifadə olunmalıdır. Biz hər hansı xarici ölkədə olarkən pasportumuzu təqdim edəndə bu bizi utandırmamalıdır”.

Ə.Məmmədli eyni zamanda vətəndaşların da üzərinə məsuliyyət düşdüyünü, pasportun necə daşınmasının və hansı şəraidə saxnılmasının mühüm olduğunu qeyd edib.

Peşə fəaliyyəti ilə bağlı tez-tez səfərdə olan jurnalist Azər Həsrət də "Report"a açıqlamasında ümumvətəndaşlıq pasportunun keyfiyyətindən şikayətlənib. O hazırda istifadə etdiyi pasportu 1,5 il bundan əvvəl aldığını bildirib: “Səfərlərim az olmur. Hazırda da İstanbuldayam. Pasportumu il yarım öncə almışam, yəni yenidir. Artıq üzərindəki gerb pozulur”.

Jurnalist Azər Həsrət

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov “Report”un sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan vətəndaşlarının hazırda istifadə etdikləri pasportlar dünya standartlarına tam uyğundur.

Onun sözlərinə görə, həmin pasportlar xarici dövlətdə istehsal olunur, təhlükəsizlik, dizayn, paspotun hazırlanmasında istifadə olunan materiallar hazırda bu sahədə mövcud olan bütün beynəlxalq tələb və standartlara uyğundur.

O vurğulayıb ki, pasportun rəngi dəyişirsə və ya vərəqləri əzilirsə, bunun səbəbkarı məhz onun sahibidir, bəzi halda vətəndaş öz şəxsiyyətini təsdiq edən mühüm dövlət sənədi ilə səliqəli davranmır və nəticədə sənədin rəngi də solur, üz qabığı da əzilir.

N.Cavadov eyni zamanda vətəndaşlara paspotları ilə məsuliyyətli və səliqəli davranmağı tövsiyə edib: “Belə olan halda pasportlarınız parlaq və şax qalacaq ki, bu da həm sizin əlavə xərcə düşməyinizin qarşısını alacaq, həm də ətrafınızdakıların sizə olan rəğbətini daha da artıracaq”.

Qeyd edək ki, ümumvətəndaşlıq pasportlarının görünüşündən başqa digər əhəmiyyətli məsələ onun “gücü” ilə bağlıdır ki, bu reytinq vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı ilə müəyyən edilir. Bu reytinqə görə, Azərbaycan pasportu dünyada "gücünə" görə 74-cü yeri tutur. Azərbaycan bu siyahıda qonşuları Ermənistan (78-ci yer) və İranı (95-ci yer) qabaqlayıb, reytinqdə Gürcüstan 68-ci, Türkiyə 52-ci, Rusiya 51-ci olub. Son illər Azərbaycanın xarici siyasətində həyata keçirdiyi addımlar növbəti illərdə bu reytinqdə daha da irəliləyəcəyimizi deməyə əsas verir. Ümid edək ki, vətəndaşlara verilən ümumvətəndaşlıq pasportları keyfiyyətində də dünya ölkələri reytinqində aparıcı mövqelərdə qərarlaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi