Əhaliyə xidmətin təşkilində nöqsanlara yol verənlər barəsində intizam tənbehi tədbirləri görülüb

Əhaliyə xidmətin təşkilində nöqsanlara yol verənlər barəsində intizam tənbehi tədbirləri görülüb DSMF-nin ötən il üzrə fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib
Sosial müdafiə
10 Fevral , 2017 13:14
Əhaliyə xidmətin təşkilində nöqsanlara yol verənlər barəsində intizam tənbehi tədbirləri görülüb

Bakı. 10 fevral. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ötən il üzrə fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, sosial təminat sisteminin əhatəliliyinin artırılması, səmərəliliyinin yüksəldilməsi, bu sahədə iş mexanizmlərinin müasir texnologiyalar üzərində təkmilləşdirilməsi ilə ünvanlılığın və şəffaflığın tam təmin olunması 2016-cı ildə də ölkədə aparılan sosial siyasətin əsas hədəflərindən olub. 

O deyib ki, dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşdüyü, iqtisadi və maliyyə böhranının kəskin xarakter aldığı 2016-cı ildə dünya ölkələrinin üzləşdiyi çətinliklərdən Azərbaycanın uğurla çıxa bilməsi ötən dövrdə Prezident İlham Əliyev tərəfindən ölkədə postneft dövrünə xas çevik və səmərəli, elmi-praqmatik əsaslara söykənən iqtisadi idarəetmə sisteminin qurulması sayəsində mümkün olub: "Çətin şəraitdə dövlətin valyuta ehtiyatlarının qorunub saxlanmasına nail olunmaqla, iqtisadi şaxələndirmənin daha da genişləndirilməsi, qeyri-neft sənayesinin və regionların inkişafı istiqamətində növbəti addımların atılması təmin edilib. Qeyd olunan müsbət proseslər əhalinin sosial rifah halının da mümkün risklərdən qorunması ilə müşahidə olunub. 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yeri yaradılıb. Bu və digər mühüm sosial müdafiə tədbirləri, o cümlədən sosial ödənişlərin artırılması, bunun üçün 600 milyon manatadək əlavə vəsait yönəldilməsi ilə ailə gəlirlərinin azalmasının, əhalinin minimum istehlak səbətinə və aztəminatlı təbəqələrinin alıcılıq qabiliyyətinə mənfi təsirlərin qarşısının alınmasına nail olunub”.

Nazir ötən ilin uğurlu islahat tədbirlərinə də toxunub, 2016-cı ilin fevralında ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) istifadəyə verilməsi ilə müasir, məmur müdaxiləsi heç bir halda mümkün olmayan və tam şəffaf sosial yardım sisteminin formalaşdığını vurğulayıb.

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri üzrə də artım dinamikasının davam etdiyini bildirən nazir fondun gəlirlərinin 2015-ci ilə nisbətən 262,69 milyon manat və ya 9,01 faiz artaraq 3177,34 milyon manata yüksəldiyini vurğulayıb. S.Müslümov diqqətə çatdırıb ki, müsbət faktorlardan biri kimi və iqtisadi inkişafın daha bir əyani təsdiqi olaraq, qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarında da artım qeydə alınıb. 

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev hesabat məruzəsi ilə çıxış edib. O bildirilb ki, ölkə üzrə əmək pensiyaçılarının sayı 1 yanvar 2017-ci il tarixinə 15281 nəfər və ya 1,2 faiz artaraq (o cümlədən yaşa görə 0,1 faiz, ailə başçısını itirməyə görə 3,8 faiz, əlilliyə görə 2,4 faiz artmışdır) 1 315 227 nəfər təşkil edib. 

2016-cı ildə fondun tabeliyindəki sosial xidmət müəssisələrində ümumilikdə 1085 nəfər tam dövlət təminatında olub. Dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsində 120 nəfər bu kateqoriyadan olan şəxs yaşayır və ötən il müəssisənin 125 nəfərlik ikinci korpusu da istifadəyə verilib. Eyni zamanda, hesabat dövründə 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə-Reabilitasiya Mərkəzinə 350 nəfər sağlamlıq imkanları məhdud gənc müxtəlif peşə kurslarına cəlb olunub və kursları bitirənlərə sertifikatlar verilib. Hazırda mərkəzdə 113 nəfər kurs keçir. Yeni sosial müdafiə əhəmiyyətli obyektlər kimi, 2016-cı ilin dekabr ayında Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzi, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacaq və yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzi istifadəyə verilib. Ötən il nazirliyin müəyyən etdiyi prioritet istiqamətlər üzrə sosial sifarişlər əsasında QHT-lər tərəfindən 37 layihə üzrə 2046 nəfər uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilib.

Əlilliyi olan şəxslərin sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi, insan alveri qurbanlarına ehtiyac duyduqları yardımların təşkili, tənha ahıl və əlilliyi olan şəxslərə evlərində sosial xidmətin göstərilməsi və digər aidiyyəti fəaliyyət sahələrində görülən işlərin yekunları da diqqətə çatdırılıb.

İclasda 2016-cı ildə sosial cəhətdən həssas əhali qruplarının sosial təminatının gücləndirilməsi sahəsində görülən işlərin yekunları və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Əldə olunan uğurlu nəticələrdən bəhs olunmaqla yanaşı, yol verilmiş ayrı-ayrı nöqsanlar da qeyd edilib, fəaliyyətində, habelə əhaliyə xidmətin təşkilində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi