​Əfqanıstanda həlak olanların ailələrinə prezident təqaüdünün təyin olunmasına başlanılıb

​Əfqanıstanda həlak olanların ailələrinə prezident təqaüdünün təyin olunmasına başlanılıb Təqaüd onların arzularına əsasən Azərbaycanın banklarında açılan şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülə bilər
Sosial müdafiə
7 Yanvar , 2015 10:38
​Əfqanıstanda həlak olanların ailələrinə prezident təqaüdünün təyin olunmasına başlanılıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinin müraciətləri əsasında onlara prezident təqaüdünün təyin olunmasına başlanılıb. "Report" xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.

Aylıq 200 manat məbləğində müəyyən olunan Prezident təqaüdü qeyd olunan hərbi qulluqçuların ailə üzvlərinə (valideynlərinə və dul arvadına) təyin edilir və onların sayına bərabər bölünməklə ödənilir. Respublikadan kənarda yaşayan ailə üzvlərinə təqaüd onların arzularına əsasən Azərbaycanın banklarında açılan şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülə bilər.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 360 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qaydaya əsasən, sözügedən təqaüdün təyin olunması üçün vətəndaşlar ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə (DSTX) və ya DSTX-nin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etməlidirlər. Müraciət edilərkən təqdim edilməli sənədlərin siyahısı ƏƏSMN-in rəsmi saytının (mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümünün “Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün tələb edilən sənədlər” alt bölümündə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi