Yuxarı
    Bağlamaq

    Əfqanıstanda həlak olan 43 nəfərin ailəsinə prezident təqaüdü təyin olunub

    Təqaüdün aylıq məbləği 200 manatdır

    Bakı. 7 may. REPORT.AZ/ Əfqanıstanda həlak olan 43 nəfərin 47 nəfər ailə üzvünə prezident təqaüdü təyin olunub. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Məlumatda qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 11 avqust tarixli fərmanına əsasən, bu ilin 1 yanvarından Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə prezident təqaüdü təyin edilib. 2015-ci ilin ilk rübündə qeyd olunan hərbi qulluqçulardan 43 nəfərinin 47 nəfər ailə üzvünə prezident təqaüdü təyin olunub.

    Nazirlikdən bildirilib ki, aylıq 200 manat məbləğində müəyyən olunan prezident təqaüdü Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə (valideynlərinə və dul arvadına) təyin edilib. Təqaüd onların sayına bərabər bölünməklə ödənilir.

    Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli qərarı ilə təsdiq edilən müvafiq qaydaya görə, həmin təqaüdün təyin olunması üçün vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinə (DSTX) və ya DSTX-nin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etməlidirlər. Təqaüdün alınması üçün tələb olunan sənədlərin siyahısı ƏƏSMN-nin rəsmi saytının (mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümünün “Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün tələb edilən sənədlər” alt-bölümündə yerləşdirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi