ƏƏSMN yeni mənzilləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verib

ƏƏSMN yeni mənzilləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verib Bu il 234 nəfər şəxs müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edilib
Sosial müdafiə
5 Sentyabr , 2016 15:19
ƏƏSMN yeni mənzilləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Binəqədi rayonunun Mehdiabad qəsəbəsindəki Gənclər şəhərciyində yeni yaşayış binalarından alınaraq təmir etdirilən 11 ədəd mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a bildirilib ki, mənzillərin istifadəyə verilməsi tədbirində qurum yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Z.Babayev bu tədbirlər sırasında həmin insanların yeni mənzillərlə təminatının mühüm yer tutduğunu, Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli sərəncamının bu istiqamətdə işlərin xeyli güclənməsinə şərait yaratdığını vurğulayıb: “Bu il 26 rayonda 116 fərdi yaşayış evi, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilən 64 mənzil qeyd olunan vətəndaşların istifadəsinə verilib. Beləliklə, cari ildə ümumilikdə 234 nəfər şəxs, o cümlədən 149 nəfər Qarabağ müharibəsi əlili, 85 şəhid ailəsi müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edilib. Hazırda müharibə əlilləri və şəhid ailələri üçün nazirliyin sifarişi ilə Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisi, yeni yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir”.

Z.Babayev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin Prezidentin aylıq təqaüdü, habelə pensiya və sosial müavinətlərlə də təmin edildiklərini, ötən dövrdə bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığını vurğulayıb. 

O, həmçinin ölkədə əlilliyi olan şəxslərin, o cümlədən Qarabağ müharibəsi əlillərinin tibbi-sosial reabilitasiyası, eləcə də xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili sahəsində də mühüm işlərin görüldüyünü bildirib.

Sonra yeni mənzillərdə yaradılmış şəraitə baxış olub. 

İstifadəyə verilən 11 mənzildən 9 ədədi Qarabağ müharibəsi əlillərinə, 2 ədədi şəhid ailələrinə təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi