Ədliyyə naziri Zaqatala rayonunda vətəndaşları qəbul edib

Ədliyyə naziri Zaqatala rayonunda vətəndaşları qəbul edib Nazir həmçinin səfər zamanı hakim və ədliyyə işçiləri ilə müşavirə keçirib
Sosial müdafiə
948
25 Avqust , 2017 19:22
Ədliyyə naziri Zaqatala rayonunda vətəndaşları qəbul edib

Bakı. 25 avqust. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov Zaqatala rayonu Heydər Əliyev Mərkəzində Zaqatala, Balakən, Qax və digər rayon və şəhərlərdən olan vətəndaşların qəbulunu keçirib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbuldan əvvəl nazir və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri həmçinin yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakim və ədliyyə işçiləri ilə müşavirə keçirib.

Nazir ölkə Prezidentinin cari ilin fevralında imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının müstəsna əhəmiyyətini vurğulayaraq vətəndaşların azadlıq hüququnun qorunmasına daha məsuliyyətlə yanaşılmasını, habelə şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunmasının vacibliyini, eləcə də qərəzli yanaşmanın, korrupsiyaya şərait yaradan halların yolverilməzliyini qeyd edib, aidiyyəti tövsiyə və tapşırıqlar verib.

Eyni zamanda məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, rüşvətxorluğa, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı dövlət başçısının tələbləri diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılması vurğulanıb.

Həmçinin ölkə başçısının rəhbərliyi ilə məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində nazir Zaqatalada inşa olunan yeni müasir məhkəmə binasının tikintisinin gedişatı ilə tanış olub, lazımi tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi