Yuxarı

Ədliyyə naziri Londonda keçirilən Qlobal Hüquq Sammitində iştirak edib

Tədbir çərçivəsində Fikrət Məmmədov bir sıra görüşlər keçirib

Bakı. 2 mart. REPORT.AZ/ Bu günlərdə Böyük Britaniyanın paytaxtı London şəhərində Böyük Azadlıqlar Xartiyasının (Magna Carta) 800 illiyinə həsr olunan Qlobal Hüquq Sammiti keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"-a bildiriblər ki, 1215-ci ildə imzalanmış Magna Carta İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla, sonrakı dövrdə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynayıb.

Sammitdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə təmsil edib. Dünyanın 110 dövlətindən 2300 nümayəndənin, o cümlədən 90-dan çox ədliyyə nazirlərinin və baş prokurorların, eləcə də görkəmli hüquqşünasların və ictimai-siyasi xadimlərin iştirak etdikləri bu mötəbər forumun açılışında Böyük Britaniyanın ədliyyə üzrə dövlət katibi, lord kansler Kris Kreylinq və Ali Məhkəmənin sədri Lord Tomas, ABŞ-ın baş prokuroru Erik Holder, Qazaxıstanın Baş naziri Karim Massimov çıxış ediblər.

Tədbirin açılışından sonra sammitdə iştirak edən ədliyyə nazirlərinin və baş prokurorların Bukingem sarayında Böyük Britaniyanın və Şimali İrlandiyanın Kraliçası II Yelizaveta tərəfindən qəbulu keçirilib. Qəbulda Azərbaycanın ədliyyə naziri F.Məmmədov da iştirak edib.

Sammitdə qanunun aliliyinin qorunması, insan hüquqları, ədalət mühakiməsinə çatımlılıq, bu sahədə qabaqcıl informasiya- kommunikasiya texnologiyalarının tətbiqi, beynəlxalq hüquqi əməkdaşlıq, hüquqşünasların tədrisi və s. aktual məsələlər müzakirə olunub.

Tədbir çərçivəsində ədliyyə naziri F.Məmmədov Böyük Britaniyanın ədliyyə üzrə dövlət katibi, lord kansler K.Kreylinq, ədliyyə üzrə dövlət naziri Saymon Hyuz və Ali Məhkəmənin sədri Lord Tomas ilə görüşüb.

Sammitdə və görüşlərdə ölkəmizdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən “elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə görülən işlər, hakimlərin Avropada ən şəffaf seçimi, tədris tədbirləri və s. barədə məlumat verilib, bu sahədə qazanılmış nailiyyətlərə maraq göstərilib, əməkdaşlığa dair müzakirələr keçirilib.

Səfər zamanı, həmçinin bir sıra dövlətlərin ədliyyə nazirləri və baş prokurorları ilə görüşlər keçirilib, qarşılıqlı fəaliyyətə dair faydalı fikir mübadiləsi aparılıb.

Tədbirlərdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə də iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi