Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə qurulan nikahların sayı açıqlanıb

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə qurulan nikahların sayı açıqlanıb Komitə rəsmisi: “Azərbaycan qızlarının əcnəbilərlə ailə qurmağa meylli olması fikri doğru deyil”
Sosial müdafiə
18 Sentyabr , 2015 10:13
Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə qurulan nikahların sayı açıqlanıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu il Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə yeni qurulan və pozulan nikahların statistikası açıqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova "Report"a bildirib ki, 2015-ci ilin birinci yarısında əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə azərbaycanlılar arasında 527 nikah bağlanıb.

Onun sözlərinə görə, Azərbaycan qızlarının əcnəbilərlə ailə qurmağa meylli olması fikri doğru deyil: "Bu, düzgün yanaşma deyil, çünki əcnəbi və vətəndaşlığı olmayan şəxslər dedikdə ilk sıralarda Rusiya və Gürcüstan vətəndaşları olan azərbaycanlılar dayanır. Sırada daha sonra Türkiyədə və başqa ölkələrdə yaşayan türklər və müsəlmanlar durur. Az faizi isə digər millətlərin və dinlərin nümayəndələri təşkil edir".

Komitə rəsmisi bildirib ki, son dövrlərdə Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə ailə quran azərbaycanlıların boşanma hallarında azalma müşahidə olunur: "Bu ilin I yarısında ölkədə əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə azərbaycanlılar arasında 27 boşanma faktı qeydə alınıb".

Baş məsləhətçi əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə ailə quran və boşananlarla bağlı ötən ilin statistikasını da açıqlayıb. A.Veysəlova qeyd edib ki, 2014-cü ildə əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə 1 816 nikah, 155 boşanma faktı qeydə alınıb: "2013-cü ildə isə 2 780 nikah, 211 nikah pozulması qeydə alınıb".

Son xəbərlər

Orphus sistemi