Dünyada Boss Günü qeyd olunur

Dünyada Boss Günü qeyd olunur "Səmimiyyət şəxsi münasibətlər səviyyəsinə gətirilməməlidir"
Sosial müdafiə
16 Oktyabr , 2017 14:01
Dünyada Boss Günü qeyd olunur

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün dünyada Boss Günü — bütün səviyyələrdə kollektiv rəhbərlərinin bayramıdır.

Bu vəzifənin öhdəsindən gəlmək, bütöv bir kollektivin məsuliyyətini daşımaq üçün rəhbər işçilər qarşısında bir sıra vəzifələr durur. Mütəxəssilər belə hesab edirlər ki, rəhbər vəzifədə çalışan insan, bütöv bir kollektivin, dolayısıyla cəmiyyətin mənafeyindən çıxış etməyi bacarmalıdır.

Mövzunu "Report"a sosioloq Gülnar Nəzərova şərh edib. İş həyatının insanın sosiallaşması, özünü təkmilləşdirməsi və dünyagörüşünü artıra bilməsində böyük əhəmiyyətə malik olduğunu deyən sosioloqun sözlərinə görə, insanlar bu fəaliyyətə başladıqda bəzən müəyyən problemlərlə qarşılaşırlar ki, onlardan biri də rəhbərliklə münasibətlərdə çətinliklərin yaşanması ilə müşayiət olunur.

O bildirib ki, münasibətlərdə çətinliklərin yaşanması rəhbərin işçidən öhdəsinə düşəndən artıq həcmdə iş tələb etdikdə, iş saatlarını və günlərini qeyri-qanuni artırdıqda, fəaliyyətini olduğundan aşağı səviyyədə qiymətləndirdikdə, onunla müqayisədə keyfiyyət göstəricisi aşağı olan işçilərə layiq olmadıqları statuslar verdikdə və ya işçi öz vəzifələrini lazımi səviyyədə yerinə yetirməkdə maraqlı olmadıqda və s. hallarda müşahidə edilir: "İşçi-rəhbər arasında qeyd etdiyim münasibətlər bir çox ölkələrdə müşahidə olunur və bu halı bir ölkənin mentaliteti ilə məhdudlaşdırmaq olmaz. Bu kimi halların yaşandığı ölkələrdə insan amili, xüsusilə əmək fəaliyyəti kifayət qədər dəyər görmür, cəmiyyətdə ictimai şüur zəif inkişaf edib. İşçi üçün prioritet məsələ maddi tələbatların ödənilməsidir. Qısaca, rəhbər az əmək haqqı ilə yüksək nəticə tələb edir, işçi isə çalışdığı yeri itirməmək xatirinə işinə “hiylə” qatır. Nəticədə belə müəssisə və təşkilatlarda fəaliyyətin nəticələri kəmiyyət göstəriciləri ilə xarakterizə olunur. Məsələn, əgər biz bu qayda ilə fəaliyyət göstərən bir təhsil müəssisəsi haqqında danışırıqsa, işin nəticəsi sadəcə məzun olanların sayı ilə müəyyən ediləcək, lakin həmin təhsil müəssisəsinin cəmiyyətə neçə peşəkar mütəxəssis qazandırdığı sual altında olacaq. Göründüyü kimi, bir iş yerində olan maraqlar və münasibətlər dolayısı ilə bütün cəmiyyətin taleyini həll edə bilir".

Problemi necə həll etməli?

Sosioloq, problemin həllinin bir müəssisə daxilində və ya bir rəhbərin fəaliyyəti ilə tam mümkün olmayacağını vurğulayıb. Bununla yanaşı, cəmiyyətin fərdlərdən təşkil olunduğunu deyən G.Nəzərova hər kəsin ayrı-ayrılıqda məsuliyyətini anlamasının bu istiqamətdə gözlənilən nəticənin əldə olumasına gətirib çıxara bləcəyini deyir: "Burada ilkin şərt münasibətlərdə səmimiyyətin olmasıdır. İşçi və rəhbər tələb və gözləntilərini, mövcud potensial və çatışmazlığını aydın ifadə etməyi bacarmalıdır. Bunlar vaxtında qeyd edilmədiyi təqdirdə narazılıq qaçılmaz olur. Lakin bu səmimiyyət şəxsi münasibətlər səviyyəsinə gətirilməməlidir ki, işçi məsuliyyətini tam olaraq anlaya bilsin. Eyni zamanda rəhbər şəxs işçinin gününün necə keçməsi, ehtiyacları ilə maraqlanaraq ona dəstək olduğunu hiss etdirə bilər. Rəhbər şəxs həm hər bir işçinin fikirlərinə hörmət etdiyini ifadə etmək, həm də işin keyfiyyətini yüksəltmək məqsədilə fərqli yanaşmaları dinləməyi bacarmalıdir. Eyni zamanda işçilərin özlərini təkmilləşdirməsinə və potensialından asılı olaraq yüksək statuslar əldə etmələrinə imkan yaradılmalıdır. Bütün bunlar işçinin özünü işin bir hissəsi kimi görməsinə, məsuliyyətini daha ciddi şəkildə anlamasına, ümumilikdə isə inkişafa təkan verəcək".

Sosioloq onu da qeyd edib ki, bu sahədə münasibətlərin bütövlükdə dəyişilməsi isə zamanla cəmiyyətin bütün sahələrində inkişafın getməsi, mövzu ilə bağlı mütəmadi maarifləndirmə işinin aparılması ilə və beləliklə, insanlar üçün cəmiyyət maraqlarının fərdi maraqlardan ön planda gəlməsi ilə mümkün ola bilər. 

Son xəbərlər

Orphus sistemi