Yuxarı

DSMF sədri geniş kollegiya iclası keçirib

Keçən il DSMF-nin gəlirləri 2912,4 mln. manat təşkil edib

Bakı. 19 fevral. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Bu barədə "Report"a Fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Fondun sədri Elman Mehdiyev çıxışında bildirib ki, keçən il DSMF-nin gəlirləri 2912,4 mln. manat təşkil edib: "Bu da 2014-cü ilə nisbətən 15,6 mln. manat çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2014-cü ilə nisbətən 3,6 faiz və ya 62,0 mln. manat artaraq 1805,7 mln. manat təşkil etmişdir. 2015-ci ildə sosial sığorta haqlarının 64,2 faizi və ya 1159,2 mln. manatı qeyri-büdcə sektorundan daxil olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 3,3 faiz və ya 36,6 mln. manat çoxdur".

O qeyd edib ki, Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib: "Ötən il ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2934,2 mln. manat təşkil edib ki, bunun da 2872,0 mln. manatı və yaxud 97,9 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2797,3 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 74,7 mln. manat təşkil edib".

E.Mehdiyev onu da əlavə edib ki, 2015-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi istehlak qiymətlərinin dəyişməsinə uyğun indeksləşdirilərək 1,4 faizlik artım tətbiq olunub: "Əmək pensiyalarının orta aylıq məbləği 2015-ci ilin əvvəlinə nisbətən 1,5 faiz artaraq 176,0 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,1 manat təşkil edib. Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin əvvəlinə nisbətən 204 min nəfər artaraq 3 milyon 180 min nəfərdən çox təşkil edib ki, bu da sosial sığorta sistemində təbliğat işlərinin gücləndirilməsi və iştirakçıların aktivliyinin artırılmasının göstəricisidir".

Qeyd olunub ki, hesabat dövründə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması və haqlı tələblərinin həll edilməsi təmin olunub. 2015-ci ildə Fondun Aparatına vətəndaşlardan 5930 müraciət daxil olub.Bilavasitə Fondun rəhbərliyi tərəfindən 407 (o cümlədən Fondun Aparatında 81, respublikanın regionlarında 326) vətəndaş qəbul edilərək onların müraciətlərinə baxılıb. Vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci il ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 2014-ci illə müqayisədə 26 faiz azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi