Yuxarı

DSMF-nin sədr müavini: "Sosial sığorta müavinətlərinin ödənilməsi elektron xidmətlər vasitəsilə reallaşdırılır"

Fondun mərkəzi məlumat bazasında 1 milyon 293 min pensiyaçı, 3 milyon 041 min sığortaolunan barədə müvafiq məlumatlar toplanıb

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən "Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması" mövzusunda təqdimat-seminar keçirilib. "Report" xəbər verir ki, tədbirdə dövlət və özəl sektoru təmsil edən sığortaedənlərin səlahiyyətli nümayəndələri iştirak edib.

Çıxış edən DSMF-nin sədr müavini Zakir Babayev ölkədə vahid prinsiplər əsasında fəaliyyət göstərən və təyin olunan pensiyaların məbləğinin sistemə ödənilən və fərdi uçotu aparılan sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sisteminin qurulduğunu vurğulayıb.

Sədr müavini qeyd edib ki, çoxsaylı pensiyaçı və sığortaolunanlar kontingentinə qabaqcıl beynəlxalq təcrübəyə uyğun avtomatlaşdırılmış xidmətin təşkili məsələlərinin həllində Fond öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır: "DSMF-nin sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı sığortaedənlərə göstərdiyi elektron xidmətlər hər bir müavinət növü üzrə ayrıca təşkil olunub. Bu xidmətlər 5 növ - əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, uşağa qulluğa və dəfn üçün müavinətlər üzrə müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur".

Tədbirdə təqdimatla çıxış edən DSMF-nin şöbə müdiri Fərid Baxşıyev bildirib ki, hazırda Fondun mərkəzi məlumat bazasında 1 milyon 293 min pensiyaçı, 3 milyon 041 min sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Bu da ölkə əhalisinin 45 faizini təşkil edir: "Qüvvədə olan qanunvericiliyə əsasən, müavinətlərin təyin olunması işçinin işlədiyi sığortaedəndə fəaliyyət göstərən müvafiq komissiya tərəfindən yerinə yetirilir. Sonra zəruri sənədlər sığortaedən tərəfindən müraciətlə birgə DSMF orqanına elektron qaydada təqdim olunur. DSMF orqanı qeyd edilən sənədlər əsasında müavinətin bilavasitə işçinin plastik kart hesabına dərhal ödənişini həyata keçirir".

Qeyd edək ki, tədbir sosial sığorta müavinətləri sahəsində aktuallıq kəsb edən məsələlərə dair təşkil olunan praktik müzakirələrlə davam edib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və təkliflərinə dair fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi