DSMF jurnalistlər arasında müsabiqə elan edib

DSMF jurnalistlər arasında müsabiqə elan edib Müsabiqəyə təqdim olunacaq yazılar, süjetlər martın 23-dək təqdim olunmalıdır
Sosial müdafiə
23 Fevral , 2016 11:08
DSMF jurnalistlər arasında müsabiqə elan edib

Bakı. 23 fevral. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondu (DSMF) "Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir" mövzusunda müsabiqə elan edib. Fonddan "Report"a verilən məlumata görə, məqsəd Azərbaycanda pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətin həyata keçirdiyi ardıcıl və məqsədyönlü işlərin, həmçinin sığorta-pensiya sistemində aparılan islahatların Kütləvi İnformasiya Vasitələrində (KİV) daha geniş işıqlandırılmasının təmin olunmasıdır.

Müsabiqəyə bu gündən etibarən martın 23-dək mövzu üzrə qəzet və jurnallarda, saytlarda çap edilən analitik məqalələr, radio və televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim edilməlidir.

Məqalələr 5 min işarədən, radio və televiziya verilişləri, süjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Materiallar 23 mart 2016-cı il tarixdən gec olmayaraq, hansı qəzet və jurnalda, saytda dərc olunduğu, radio və televiziya kanalında nümayiş etdirildiyi (tarix və nömrəsi) göstərilməklə Dövlət Sosial Müdafiə Fondunun aparıcı mütəxəssislərindən ibarət yaradılmış Komissiyaya təqdim edilməlidir.

Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və teleradio materiallarının müəllifləri 2 nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar:

Qəzet və jurnallarda, saytlarda dərc olunmuş ən yaxşı məqalələr üzrə:

1-ci yer – 800 manat;

2-ci yer – hər biri 500 manat olmaqla iki yer;

3-cü yer – hər biri 300 manat olmaqla üç yer.

Televiziya və radio kanallarında verilmiş ən yaxşı teleradio verilişləri və telesüjetlər üzrə:

1-ci yer – 800 manat;

2-ci yer – hər biri 500 manat olmaqla iki yer;

3-cü yer – hər biri 300 manat olmaqla iki yer.

Hər iki nominasiya üzrə ümumilikdə 15 həvəsləndirici mükafat (ümumilikdə 1500 manat məbləğində) verilməsi də nəzərdə tutulub.

Komissiyaya Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi