Yuxarı

DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib

Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

Bakı. 18 mart. REPORT.AZ/ Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, sənəd sosial müdafiə sahəsində vahid dövlət siyasətinin və səmərəli idarəetmənin həyata keçirilməsi, əhalinin sosial tələbatlarının ödənilməsində müasir informasiya texnologiyalarının tətbiqi ilə kompleks yanaşmanın gerçəkləşdirilməsi, o cümlədən əmək pensiyaları və digər sosial ödənişlərin təyinatının “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi məqsədilə imzalanıb

Fərmanla Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, bu fərmanın birinci hissəsini nəzərə almaqla nazirliyin strukturunun və fəaliyyətinin optimallaşdırılması, habelə işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi