Bakı. 12 fevral. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunda Azərbaycanda səfərdə olan Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, təşkilatın icraçı direktoru Yoakim Bröyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Fondun sədri Elman Mehdiyev Fondun fəaliyyəti və ölkədə davam etdirilən sığorta-pensiya islahatları barədə ətraflı məlumat verib.
E.Mehdiyev ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu sosial siyasət və sürətli islahatların həyata keçirildiyini vurğulayaraq qeyd edib ki, vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin formalaşdırılması nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub. Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir.
Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının icraçı direktoru Yoakim Bröyer Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirərək bunun ölkə üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Səfərin əsas məqsədinin qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və birgə tədbirlərin planlaşdırılması olduğu diqqətə çatdırılıb və Azərbaycanın təcrübəsi inkişaf etməkdə olan digər ölkələr üçün nümunə olaraq qiymətləndirilib.
DSMF-də keçirilən görüşdə aparılan müzakirələr zamanı iki qurum arasında əlaqələrin daha da inkişaf etdirilməsi və yaxın gələcəkdə birgə tədbirlərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.