Yuxarı
    Bağlamaq

    DSMF Biləsuvarda regional “Açıq qapı günü” - vətəndaş forumu keçirib

    Tədbirdə sosial sığorta ödəyicilərini və pensiyaçıları maraqlandıran suallarla bağlı müzakirələr aparılıb

    Bakı. 5 iyun. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu gün Biləsuvarda növbəti regional “Açıq qapı günü” - vətəndaş forumu keçirib. “Report”un xəbərinə görə, DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, çoxsaylı pensiyaçı və sosial sığortaolunanlar kontingentinə qabaqcıl beynəlxalq təcrübəyə uyğun avtomatlaşdırılmış xidmətin təşkili məsələlərinin həllində Fond öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.

    F.Qədimov ölkənin sığorta-pensiya sistemində təqdim olunan elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparıldığını vurğulayıb: “Hazırda Fondun mərkəzi məlumat bazasında 1 milyon 293 min pensiyaçı, 3 milyon 041 min sığortaolunan barədə müvafiq məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 45 faizini təşkil edir”.

    Forumda “Elektron hökumət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlərin ən çox istifadə olunan xidmətlər sırasında yer aldığı diqqətə çatdırılıb və bildirilib ki, Fondun sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı sığortaedənlərə göstərdiyi elektron xidmətlər hər bir müavinət növü üzrə ayrıca təşkil olunub. Bu xidmətlər 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur. Bunlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə müavinət, uşağa qulluğa görə müavinət və dəfn üçün müavinətdir. 

    Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə əsasən, müavinətlərin təyin olunması işçinin işlədiyi sığortaedəndə fəaliyyət göstərən müvafiq komissiya tərəfindən yerinə yetirilir. Sonra zəruri sənədlər sığortaedən tərəfindən müraciətlə birgə DSMF orqanına elektron qaydada təqdim olunur. DSMF orqanı qeyd edilən sənədlər əsasında müavinətin bilavasitə işçinin plastik kart hesabına dərhal ödənişini həyata keçirir.

    Tədbirdə o da bildirilib ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər Prezidentin 4 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiqlənən “2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası”nın çərçivəsində müəyyən olunub. Bu konsepsiya ölkədə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıyır.

    Tədbirdə sosial sığorta ödəyicilərini və pensiyaçıları maraqlandıran suallarla bağlı müzakirələr aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi