Dövlət sifarişi ilə sosial xidmət sahəsində həyata keçirilən layihələrin sayı hər il 10 faiz artırılacaq.
“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramında qeyd olunub.
Sənəddə bildirilir ki, sosial xidmət sahəsində həyata keçirilən layihələrin davamlılığının təmin edilməsi, habelə layihələr çərçivəsində göstərilən xidmətlərin minimum səviyyəsinə dair tələbləri və bu tələblərə riayət olunmasına nəzarət mexanizmini müəyyən edən normativ hüquqi aktların layihələri təsdiq edilməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) təqdim olunacaq.
Həmçinin çətin həyat şəraitində olan şəxslərin sosial xidmətlərlə təmin edilməsi ilə əlaqədar fəaliyyətin həyata keçirilməsində iştirak edən özəl sektor subyektlərinin sayının artması üzrə müsbət dinamikaya nail olunacaq.