Yuxarı
    Bağlamaq

    Dövlət qurumlarında uşaqlarla bağlı “qaynar xətt”lər işləyirmi? - SİYAHI

    Əsas mərkəzi icra hakimiyyəti orqanının “qaynar xətt”i yoxdur

    Əsas mərkəzi icra hakimiyyəti orqanının “qaynar xətt”i yoxdur

    Bakı. 9 yanvar. REPORT.AZ/ Uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Azərbaycanda uşaq siyasətinin həyata keçirilməsinə məsul əsas mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.

    Dövlət Komitəsindən başqa, Xarici İşlər, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Ədliyyə, Səhiyyə, Təhsil nazirlikləri, Ombudsman Aparatı və başqa qurumlar da öz səlahiyyətləri çərçivəsində uşaq hüquq pozuntusu ilə bağlı məsələlərlə məşğul olurlar.

    "Report"un xəbərinə görə, Azərbaycanda bir sıra dövlət qurumlarında, qeyri-hökumət təşkilatlarında, müstəqil təsisatlarda uşaq hüquq pozuntularının qarşısını almaq üçün elektron hökumətin tərkib hissəsi olan “Qaynar xətt” xidmətləri fəaliyyət göstərir.

    Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, qurumun “146- Qaynar xətt”nə ünvanlanan müraciətlər şifahi formada qeydə alınır: “Araşdırılmasına ehtiyac duyulan müraciətlər 30, ümumi müraciətlər isə 15 iş günü ərzində cavablandırılır. Müraciət edənin əlaqə nömrəsi götürülür və nəticə ilə bağlı həmin vətəndaş məlumatlandırılır”.

    Ədliyyə Nazirliyindən “Report”a verilən məlumata görə, quruma müraciət etmək istəyən vətəndaşlara 012 539 76 75 “Qaynar xətt”i vasitəsilə cavab verilir.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Report”a bildirilib ki, nazirliyin səlahiyyətlərinə dair məsələlərə 142 - “Çağrı mərkəzi” vasitəsilə cavab verilir: “Çağrı mərkəzi" nazirliyin səlahiyyətlərinə dair məsələlər, o cümlədən sosial təminat, əlilliyin müəyyən edilməsi və tibbi-sosial reabilitasiya, məşğulluğun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunması, bu sahələr üzrə elektron xidmətlərdən istifadə ilə əlaqədar vətəndaşların məlumat, sorğu və şikayət xarakterli müraciətlərinin qəbul edilərək operativ şəkildə cavablandırılması məqsədinə xidmət edir. 142 - “Çağrı mərkəzi” canlı rejimdə həftənin iş günləri saat 9.00-dan 18.00-dək vətəndaşların xidmətindədir. Son bir ildə nazirliyin 142 - “Çağrı mərkəzi”nin fəaliyyəti müasir tələblərə uyğun qurulub. Bu sahəyə məsul əməkdaşların sayı artırılmaqla, müraciətlərin qəbulu, avtomatik qeydiyyatı və aidiyyəti üzrə yönləndirilərək operativ cavablandırılması sisteminin texniki infrastrukturunun təkmilləşdirilməsi üçün müvafiq işlər aparılıb”.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, qurumun “Qaynar xətt” telefon nömrəsi yoxdur: “Dövlət Komitəsinə daxil olan müraciətləri ümumi şöbə qəbul edir. Ümumi şöbənin əlaqə nömrəsi isə 012 498 00 92-dir”.

    Ombudsman Aparatından “Report”a verilən məlumata görə, uşaq hüquq pozuntusu və zorakılıq halları ilə qarşılaşan şəxslər bu qurumun 916 “Qaynar xətt”, ümumi işgəncələrlə bağlı isə 050 370 98 96 ünvanına müraciət edə bilərlər: “Qaynar xətt” 24 saat fəaliyyət göstərir. Müraciət dərhal qəbul olunur. İlk olaraq müraciət edənə təklif olunur ki, şikayət ərizələrini poçtla quruma yollasınlar. Çünki, ünvan olmadan, anonim edilən müraciətlər adətən doğru çıxmır. Amma bəzən müraciətlər təcili xarakter daşıyır, məktubun ünvanlanması, bizə yollanması uzun vaxt apara bilər. Bu zaman Müvəkkilə müraciət olunur, onun tapşırığı ilə problem dərhal araşdırılır".

    Qurumdan verilən məlumata görə, Ombudsman Aparatının rəsmi saytında "online müraciət" etmək üçün yeni xidmət yaradılıb: "Artıq şikayətçilər onlayn formada quruma müraciət edə bilərlər. Elekron poçt ünvanımıza da məktub yollamaq mümkündür. Həmçinin, həftənin 4 günü qəbullarımız var, vətəndaşlarımız gəlib qəbula yazılıb, qurum rəsmilərinə birbaşa şikayətlərini deyə bilərlər".

    Adıçəkilən qurumların “Qaynar xətt”ləri ilə əlaqə saxladıq, Ombudsman Aparatının “916”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin “142”, Daxili İşlər Nazirliyində “102”, Təhsil Nazirliyinin “146” Qaynar xəttləri, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ümumi şöbəsi zənglərimizə dərhal cavab verdi. Ədliyyə Nazirliyinin “Qaynar xətt” ünvanına zəng etdikdə saatlarla “Operatorlarımız məşğuldur, zəhmət olmasa bir qədər gözləyin” deyilir, Xarici İşlər Nazirliyinin “Qaynar xətt” xidməti yoxdur, Səhiyyə Nazirliyinin “9103-Qaynar xətt” xidməti işləmir, Gənclər və İdman Nazirliyinin “187- Qaynar xətt” xidməti isə əsasən məşğul olur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi