Bakı. 18 aprel. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti Ağcabədidə 124 şəxsə səyyar xidmət göstərib.
Bu barədə "Report"a Xidmətdən bildirilib.
Yevlax regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Ağcabədidə əvvəlcə əcnəbilərin və Bakı vətəndaşlığı olmayan şəxslərin, vətəndaşların, aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.
Təhsil ocaqları və yerli icra strukturları rəhbərlərinin nəzərlərinə çatdırılıb ki, ölkədə müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri olmayan əcnəbi şagirdlərin müvafiq sənədləşmə işləri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciətlərinin tezləşdirilməsi üçün köməklik göstərsinlər.
Daha sonra səyyar xidmət həyata keçirilib. Səyyar xidmətin imkanlarından müraciət edən 124 şəxs istifadə edib. Onlardan 94 nəfərindən vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, əcnəbi və ya vətəndaşlığı olmayan 3 nəfərdən müvəqqəti, 2 şəxsdən daimi yaşama icazələrinin verilməsi, 1 şəxsdən vətəndaşlıq məsələsi ilə bağlı sənədlər qəbul olunub. 4 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 2 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. 18 şəxsə isə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.