Yuxarı
    Bağlamaq

    Dövlət Komitəsinin nümayəndəsi: "Maddi imkanı kifayət qədər yüksək olan ailələr də bəzən qızlarını erkən yaşda ailə qurmağa məcbur edirlər" - MÜSAHİBƏ

    Hansı regionlarda erkən nikahlar varsa, orada qızların təhsildən yayınma halları da daha çoxdur

    Bakı. 5 may. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlovanın "Report"a müsahibəsi:

    - Azərbaycanda erkən nikah problemi ilə bağlı durum necədir? Statistikasında azalma varmı?

    - Erkən nikah hazırda bir ölkə çərçivəsindən çıxaraq dünyanı narahat edən, hər yerdə rast gəlinən problemə çevrilib. Son illər Azərbaycanda 18 yaşadək qızlar arasında rəsmi olaraq nikaha girənlərin sayı azalıb. Bir neçə ilin dinamikasına baxsaq görərik ki, 2011-ci ildə Azərbaycanda 18 yaşadək nikahı qeydə alınan qızların sayı 5138 olub, 2012-ci ildə isə bu rəqəm 295-ə enib. Bu azalmanın səbəbi Ailə Məcəlləsinə olunan dəyişikliklərdir. Həmin dəyişikliklər nəticəsində nikah yaşı həm oğlanlar, həm də qızlar üçün 18-ə qaldırılıb. Ancaq istisna hallarda nikah yaşına çatmamış qız və oğlan rəsmi nikaha girə bilərlər. Bunun üçün isə kifayət qədər üzürlü səbəb olmalıdır.

    Erkən nikahların azalmasının digər səbəb isə Cinayət Məcəlləsinin 176-cı maddəsinin dəyişdirilməsi və ora əlavələrin olunmasıdır. Məcəlləyə edilən əlavəylə nikaha məcbur etməyə görə, xüsusi məsuliyyət müəyyən olunub. Cinayət Məcəlləsinin həmin maddəsində qadını və nikah yaşına çatmayan qızları nikaha məcbur edənlər üçün ağır cəza nəzərdə tutulub. Kimisə nikaha məcbur edən şəxsi 2000 manat cərimədən, 2 ilə qədər həbs cəzası gözləyir. Nikah yaşına çatmayan qızı nikaha məcbur edənlər üçün daha ağır cəzalar mövcuddur. Həmin şəxsləri 4000 manata qədər cərimə və 4 ilə qədər həbs cəzası gözləyir. Nikaha məcbur etməyə görə məsuliyyətin müəyyən olunması və nikah yaşının dəyişdirilməsi erkən nikahların sayında dəyişiklik yaradıb və azalma müşahidə olunur. 2013-cü ildə 229 erkən nikaha girmə halı qeyd alınıb. 

    Bu problemin həlli üçün ilk növbədə valideynlər öz hüquqlarını bilməlidirlər, məsuliyyətlərini dərk etməlidirlər. Valideynlər övladlarının, xüsusilə qız uşaqlarının erkən yaşda ailə qurmasına tələsməməlidirlər. Onlar öz övladları üçün hansı həyatı qura bildiklərini fikirləşməlidirlər. Əgər qızın hər hansı bir bilik və bacarıqları yoxdursa, onun sonrakı taleyi necə olacaq? 

    Erkən nikahın ən böyük fəsadları ana-uşaq ölümləri, ailədə münaqişələri, qızların təhsildən yayınması kimi hallarını göstərmək olar. Hansı regionlarda erkən nikahlar varsa, orada qızların təhsildən yayınma halları da daha çoxdur.

    Nikah rəsmiləşdirilmədikdə dünyaya gələn uşaqlar qeyri-rəsmi nikahdan doğulan uşaqlar sayılır. Qadının rəsmi nikahı olmadıqda uşağın sənədlərinin hazırlanmasında çətinlik yaranır. Belə nikahdan doğulan uşaqların çoxu fəsadlarla doğulur. 15-17 yaşlı qız fizioloji, psixoloji, bioloji olaraq ana olmağa hazır deyil. Sonradan onların həyata baxışı dəyişir və aralarında münaqişə başlayır. Belə uğursuz ailələr boşanmaların sayının çoxalmasına səbəb olur. 

    - Gənclərin erkən nikaha girməsinin səbəbi nədir?

    - Yanlış strereotiplər, köhnədən qalma düşüncələr, psixoloji məqamlar, güzərana bağlılıq, mühit qorxusu, qızların öz istəyi, qaçırılma, "Göbək kəsdi" kimi adətlərin olması, mentalitet və s. hallar erkən nikahlara səbəb olur. Amma belə subyektiv mülahizələrlə erkən nikaha girmək olmaz. Ailə cəmiyyətdə mövcud olan mühüm institutlardan biridir. Əslində, insan özünü hər cəhətdən hazır hesab edəndən sonra ailə qurmalıdır. 

    Bəzən deyirlər ki, valideynlər sosial durumlarına, dolanışıqlarının ağır olmasına görə qızlarını tez ərə verirlər. Amma bu kökündən yanlış yanaşmadır. Maddi imkanı kifayət qədər yüksək olan bəzi ailələr qızlarını erkən yaşda ailə qurmağa məcbur yaxud sövq edirlər.

    Hazırda Azərbaycanda 2 milyondan çox ailə var. Hər il may ayının 15-i dünyada ailə bayramı kimi qeyd edilir. Böyük Britaniyada çap olunan jurnallardan birinin ötən ilki buraxılışında Azərbaycanın ailə institutundan bəhs olunub. Qeyd edilib ki, Azərbaycanda ailə bağlılığı əsas götürülür. Bizim ailə modeli dünyada tanınır və bəyənilir. Əgər inkişaf etmiş ölkələr Azərbaycanın ailə modelindən, dəyərlərimizdən nümunə götürürlərsə, biz niyə öz ailə modelimizdən qaçmalıyıq? Halbuki bu dəyərlərin təbliğ olunması çox vacibdir. Təəssüflər olsun ki, bu dəyərlər daha az təbliğ olunur.

    - Erkən nikaha girənlərin ailəsində münaqişələrin, boşanmaların çox olduğunu söyləmək olarmı? 

    - Nikaha girən oğlanla qız arasında yaş fərqi çox olduqda ailədə ziddiyyətlər yaranır. Ziddiyət olan yerdə münaqişə, konflikt hər zaman mövcud olur. Sözsüz ki, belə ailələr uğurlu sayılmır. Burada mənəvi, psixoloji fəsadlar üzə çıxır. Ailədə əmək vərdişlərinin olması vacib məsələdir. Ailənin hər iki üzvü bir sıra əmək vərdişlərinə malik olmalıdır. Kişi evdəki fiziki işləri bilməli, ev təsərrüfatında həyat yoldaşına kömək etməyi bacarmalıdır. Ailə üzvləri qazanılan gəlirin idarə edilməsi ilə bağlı biliklərə sahib olmalıdırlar. Cavanlarda qadın və kişi, ər və arvad, ata və ana olaraq hüquqi biliklərin olması vacibdir. Münaqişələrin və ailənin uğursuz olmasının başqa bir səbəbi isə mənəvi, psixoloji və fizioloji yaxınlığın düzgün qurulmamasıdır. Belə uyğunluq olmayanda söz-söhbət, münaqişə, konflikt yaranır. 

    Valideynlər 18 yaşadək olan övladlar, onların, böyüməsi, təhsili üçün məsuliyyət daşıyırlar. Qanunvericilik öz vəzifələrini yerinə yetirməyən valideynlər üçün məsuliyyət nəzərdə tutur. Onların məsuliyyətə cəlb olunması mümkündür. Sevindirici haldır ki, artıq heç bir məscid, axund, din xadimi cütlüklərin rəsmi nikahı olmadan onlar üçün kəbin kəsmirlər və bu cür evliliklərin qarşısı alınır.

    - Problemin qarşısını almaq üçün hansı işlər görülməlidir?

    - İnsanların düşüncəsində, şüurunda dəyişiklik etmək lazımdır. Bunun üçün də maarifləndirici təlimlər keçirilməlidir, məlumatlandırıcı çap məhsulları hazırlanmalıdır. 2014-cü ilin sonundan etibarən "Sağlam həyat naminə erkən nikaha yox deyək" layihəsinə start vermişik. Hazırda layihəni ən ucqar rayonlar da daxil olmaqla Azərbaycanın bütün ərazisində həyata keçiririk. Bəzi mətbuat orqanları cəmiyyətə, ailə dəyərlərinə, vətəndaşlara ziyan vururlar. Onlar sensasiya axtarırlar, məlumatları şişirdirlər, ziyanlı məsələləri təbliğ edirlər. Belə məlumatlar çox vaxt dövlət qurumlarının gördükləri işlərin əleyhinə işləyir. Hətta sensasiya, reytinq xatirinə XIX əsrin xürafatçılığını yenidən qabardırlar, cəmiyyəti sanki geri aparmaq istəyirlər. Bunlar yolverilməzdir. 

    Biz deyə bilmərik ki, hamı ali təhsil almalıdır. Təbii ki, bu mümkün deyil. Hər kəsin özünəməxsus bilik mənimsəmə qabiliyyəti var, amma ən azından sənəti, peşəsi olmalıdır ki, hər-hansı ekstremal şəraitdə özləri-özlərini ifadə etməyi bacarsınlar.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il insanların yaşadıqları həyat hekayələri əsasında maarifləndirici sosial çarxlar çəkir. Bu çarxlar bütün icra hakimiyyəti orqanlarına göndərilir. Hər hansı bir uyğun tədbir keçiriləndə bu filmlər orada nümayiş olunur. Belə filmlər nə qədər çox nümayiş olunarsa, o qədər yaxşı nəticələr əldə etmək olar. Bu tək bir komitənin görəcəyi iş deyil. Hamı bu işə kömək etməlidir. Həm mətbuat, həm vətəndaş cəmiyyəti, QHT-lər, həm də vətəndaşlar özləri buna can atmalıdırlar. Bunlar çox vacib məsələlərdir. Əl-ələ verib öz ailə institumuzu qorumalıyıq. Biz Azərbaycan ailəsi strategiyasını reallaşdırmaq istəyirik, bu istiqamətdə çalışırıq və gələcək üçün əsas hədəfimiz budur. Həmin sənəd hazırlanma ərəfəsindədir, üzərində iş gedir. Yəni dövlətin Azərbaycan ailəsini qoruması üçün lazımi tədbirlər görülür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi