Yuxarı

Dövlət Agentliyi “Rəqəmsallıqla Reallığa” adlı tədbir keçirib

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsallıqla Reallığa” adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Asim Zülfüqarov, "Paşa Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov, bank, kredit və sığorta təşkilatlarının rəhbər şəxsləri, beynəlxalq şirkətlərin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Elektron Hökümətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilən layihələr, o cümlədən “Rəqəmsallıqla Reallığa” tədbirinin əhəmiyyətindən bəhs edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Asim Zülfüqarov və "Paşa Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov çıxış edərək, ölkədə maliyyə və bank siyasəti sahəsində, elektron hökümət quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs ediblər.

Elektron Hökümətin İnkişafı Mərkəzi direktoru Fariz Cəfərov mərkəz tərəfindən reallaşdırılan “ASAN Finans” layihəsinin qurumlar üçün yaratdığı üstünlüklərdən bəhs edən təqdimatla çıxış edib. Bildirilib ki, Elektron Hökumət İnformasiya Sisteminin alt-sistemi olan “ASAN Finans” sistemi vasitəsi ilə fərdi sahibkarlar üçün banka getmədən bankın müştərisinə çevrilmək imkanı yaradılıb. Sistemin əsas məqsədi rəqəmsal həllərin maliyyə sahəsinə tətbiqi ilə müştərilərin vaxta, maliyyə qurumlarının isə resurslara qənaət etməsi ilə fasiləsiz və məsafəsiz xidmət göstərilməsini təmin etməkdir.

Qeyd olunub ki, “ASAN Finans” layihəsi ona inteqrasiya olunmuş təşkilatların yeniliklərinə dəstək verir. Beləliklə də, vətəndaşlar rəqəmsal mühitdə özlərinə aid məlumatları “ASAN Finans” sisteminə inteqrasiya olunmuş təşkilatlara elektron formada yönləndirə bilirlər.

“ASAN Finans” layihəsi, eyni zamanda vətəndaşların müraciətlərinin qurumlar tərəfindən operativ şəkildə təmin olunmasına da öz müsbət təsirini göstərir. Belə ki, mövcud sistemdə qurumlar vətəndaşın icazəsi olduğu təqdirdə “ASAN Finans” sistemi vasitəsilə onun haqqında məlumatları rahatlıqla əldə edə bilir. Bununla da qurumlar vaxta və resurslara qənaət etmiş olur.

Sonda tədbir sual-cavab sessiyası və müzakirələrlə davam etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi