DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda yaradılan, geniş, çoxşaxəli fəaliyyət sahələrini əhatə edən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub.
Sosial müdafiə
127
25 Oktyabr , 2021 11:32
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda yaradılan, geniş, çoxşaxəli fəaliyyət sahələrini əhatə edən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub.

"Report" xəbər verir ki, mərkəz əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə təqdim edilməsində geniş inklüziv imkanlar açır.

Mərkəzin layihə rəhbəri Pərvinə İsmayılova mətbuat nümayəndələrinə bildirib ki, məkan həssas qrupların cəmiyyətə inteqrasiyasına, sosial-mədəni mühitin inklüziv çalarlarla daha da zənginləşməsinə mühüm dəstəkdir. Onun sözlərinə görə, mərkəzdə 5 yaşdan yuxarı şəxslər qəbul ediləcək.

P.İsmayılova qeyd edib ki, burada eyni vaxtda 100-dək şəxsə müxtəlif peşələr öyrədiləcək, 60 işçi və 20 DOST könüllüsü çalışacaq.

Media nümayəndələri 121 nəfərlik auditoriumdan, kitabxanadan, 9 müxtəlif studiya və inzibati otaqlardan, yeməkxanadan ibarət mərkəzlə tanış olublar.

Xalçaçılıq və toxuma studiyasında olarkən qeyd edilib ki, burada Azərbaycan xalçaçılıq sənəti, onun əsas 7 xalçaçılıq məktəbinin əsasları tədris ediləcək. Taxta-metal üzərində oyma emalatxanasında ağac, metal, daş üzərində bədii oyma sənəti, keramika studiyasında dulusçuluq (gilin, keramik əşya və dekorativ məmulatların hazırlanması və s.), təsviri sənət studiyasında isə kətan, kağız, şüşə, ipək və s. üzərində rəsmlər işlənməsi tədris olunacaq.

Jurnalistlər mərkəzdə həmçinin floristika və landşaft studiyasında da olublar. Qeyd olunub ki, studiyada floristika və landşaft dizaynının təlimi, süni, qurudulmuş və canlı güllərdən natürmortların, kompozisiyalarının hazırlanması, terrarium, bitki rezervuarlarının dizaynı və s. üzrə bacarıqlar inkişaf etdiriləcək.

Səsyazma və media, rəqs otaqları, musiqi studiyası ilə tanış olan KİV nümayəndələrinə otaq və studiyanın fəaliyyət profilləri barədə ətraflı məlumat verilib. Mərkəzin 64 nəfərlik yeməkxanasında isə eyni zamanda əlilliyi olan şəxslərə milli və Avropa kulinariyası üzrə təlimlər, kulinariya yarmarkaları və s. təşkil ediləcəyi bildirilib.

Media təmsilçiləri mərkəzdə teatr quruluşları, müxtəlif musiqili konsert proqramları və s. üçün nəzərdə tutulan 121 yerlik, həmçinin ön hissədə əlil arabalarının yerləşdirilməsi üçün kiçik sahəsi olan auditorium, kitabxana ilə tanış olublar. Onlara inklüziv teatrlar və nazirliyin “Bərabərik” layihəsinə dair videotəqdimat nümayiş edilib. Kitabxanada Azərbaycan ədəbiyyatına, həmçinin müxtəlif peşə və sənət tədrisinə aid kitablar yerləşdirilib. Burada görmə məhdudiyyətli şəxslər üçün brayl əlifbası ilə olan kitablardan ibarət güşələr də yaradılacaq. Eləcə də əlilliyi olan şəxslərin kitablarının təqdimatı, məşhur yazıçıların iştirakı ilə qiraət və imza günləri keçiriləcək.

Mərkəzin geniş həyətyanı sahəsində reabilitasiya məqsədli meditasiya, yoqa, digər fiziki təlimlər, müxtəlif sərgilər və s. təşkil olunacağı bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə oktyabrın 22-də mərkəzin açılışı olub.

Son xəbərlər

Orphus sistemi