Yuxarı

DİN xidmətə qəbulla əlaqədar müsabiqə elan edib

DİN xidmətə qəbulla əlaqədar müsabiqə elan edib
İşçilər DİN-in kadrları tərkibinə daxil edilərək ilkin olaraq 500 manat aylıq təminat xərcliyi alacaq

Bakı. 14 avqust. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində vakant olan 10 (on) həkim vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. 

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində 1 həkim-endokrinoloq, 1 həkim-laborant, 2 həkim-pulmanoloq, 1 həkim-ginekoloq, 1 həkim-terapevt, 1 həkim-uroloq, 1 həkim-otolorinqoloq, 1 həkim-psixonevroloq və 1 həkim-psixiatr, ümumilikdə vakant olan 10 vəzifə üzrə xidmətə qəbulla bağlı elan olunmuş müsabiqədə dövlət ali təhsil müəssisələrində müvafiq ixtisasla təhsil almış, tibb və təhsil müəssisələrində rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər avqustun 15-dən sentyabrın 15-dək http://www.mia.gov.az/index.php?/az/content/29875 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin internet medical@mia.gov.az ünvanına göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplom, hərbi bilet (kişilər üçün) və əmək kitabçasının surətini təqdim etməlidirlər.

Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə verilməklə DİN-in kadrları tərkibinə daxil edilərək ilkin olaraq 500 manat aylıq təminat xərcliyi, eləcə də göstərdiyi pullu xidmətə görə əlavə pul vəsaiti ödəniləcək, habelə onların qanunvericiliklə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

(012) 590-20-59

(012) 590-20-94

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi