​DİN 33 nəfəri işlə təmin edib

​DİN 33 nəfəri işlə təmin edib Ramil Usubov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini deyib
Sosial müdafiə
16 Fevral , 2016 11:05
​DİN 33 nəfəri işlə təmin edib

Bakı. 16 fevral. REPORT.AZ/ Daxili İşlər Nazirliyində (DIN) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” mərkəzlərində pasport xidməti üzrə vakant yerlərin komplektləşdirilməsi üzrə müsabiqənin qaliblərinin püşkatma yolu ilə həmin vəzifələrə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov təyinatın hər zaman olduğu kimi, şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb. Qeyd olunub ki, kadrların hazırlıq səviyyəsinin artırılması, onların peşəkarlığa, dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə irəli çəkilmələri, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdən və daim nəzarətdə saxlanılan məsələlərdəndir.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov öncədən DİN-in internet saytında, əksər KİV-lərdə, televiziya kanallarında elanlar verilməklə, 1 ay müddətində qadın namizədlərin qeydiyyatının həyata keçirildiyini, həmin müddətdə 817 şəxsin xidmətə qəbul üçün müraciət etdiyini, şərtlərə uyğun gələn 387 nəfərin sənədlərinin qəbul olunduğunu, onlardan 195 namizədin müsabiqədə iştirakını və son mərhələdə yalnız 91-nin püşkatmaya buraxıldığını bildirib.

Püşkatmaya buraxılan namizədlərdən ali təhsilli, kompüterlə işləmək bacarığı və yazı vərdişləri yüksək səviyyədə olan 60 şəxs müsabiqənin yekununda vakant yerlərə təyin olunublar. Onlardan 33-nün əmri əvvəlcədən verilib, hazırkı tədbirdə isə qalan 27 nəfərin təyinat məsələsi öz həllini tapıb.

Tədbirə yekun vuran daxili işlər naziri qalibləri təbrik edərək xanım namizədlərə çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu vurğulayaraq, polis adını uca tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.

Nazir əmin olduğunu bildirib ki, onlar bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.

Sonda Ramil Usubov nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya və Təchizat idarələrinin rəislərinə işə yeni başlayacaq xanım əməkdaşlara çalışdıqları xidmətin incəliklərinin öyrədilməsi məqsədilə müvafiq treninqlərin keçirilməsini, eyni zamanda, onların geyim formaları ilə ən qısa zamanda təmin olunmalarını tapşırıb.

Son xəbərlər

Orphus sistemi