Bakı. 24 dekabr. REPORT.AZ/ "Azərbaycanda manatın ucuzlaşması ilə paralel olaraq bahalaşmanın baş verməsinin insanların psixologiyasına təsir edəcəyi qaçılmazdır".
Bu barədə "Report"a Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov deyib.
O bildirib ki, insanlar arasında yaranan ajiotaj bir müddətdən sonra səngiyəcək və onlar prosesə uyğunlaşacaqlar: "Marketdə yaranan növbələr yavaş-yavaş tənzimlənəcək. Müvafiq qurumların proseslə bağlı konkret qabaqlayıcı tədbirlər görmələri lazımdır. İqtisadçılar təklif verəcəklər, politoloqlar təhlillər verəcəklər və s. Əlbəttə ki, proses psixoloji baxımdan insanlarda müəyyən narahatlıq yaradacaq. Bir müddət sonra insanlar bu prosesə uyğunlaşacaqlar, eyni zamanda insanların həyat tərzində dəyişiklik olacaq. Geyim tərzində, həyata münasibətlərində müəyyən fərqli yanaşmalar ortaya çıxacaq. Çünki insanlar böhran olanda zəruri olan şeyləri alırlar. Artıq bir şey almayacaqlar. Hazırda insanlar istənilən bir hadisəyə qarşı daha həssasdırlar, narahatlıqlarını ifadə edirlər, münasibətlərdə aqressivlik müşahidə olunur. Yeni ilin astanasındayıq, bayramdan sonra bir müddət iş günü olmayacaq ki, bunlar da hamısı insanların psixologiyasına mənfi təsirini göstərəcək".
E.Rüstəmov deyib ki, siqaretdən, xarici ölkələrə səfərlərdən imtina edənlər olacaq.
Psixoloqun sözlərinə görə, indi insan kapitalına, insan faktoruna daha çox diqqət ayırmaq lazımdır: "Belə olsa, bu böhrandan insan faktoru nöqteyi-nəzərindən qazanmış olarıq. Devalvasiya prosesi bütün insanların həyatına təsir göstərəcək. Kasıbın da, varlının da. Prosesə bir az obyektiv yanaşmaq lazımdır. Müəyyən qədər həmrəy olmaq, hadisəyə bir az soyuq başla yanaşmaq lazımdır".