Yuxarı

“Daun sindromlu insanların cəmiyyətdəki yeri və rolu” mövzusunda müsabiqə elan olunub

Müsabiqənin qaliblər diplomlar və pul mükafatları ilə təltif olunacaqlar

Bakı. 3 may. REPORT.AZ/ “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin və YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Daun sindromlu insanların cəmiyyətdəki yeri və rolu” mövzusunda video çarx müsabiqəsi elan edilib.

"Report" xəbər verir ki, müsabiqənin qaliblər diplomlar və pul mükafatları ilə təltif olunacaqlar. Birinci yerin qalibinə 2000 manat, ikinci yerə 1500 manat, üçüncü yerə isə 750 manat veriləcək. 

Müsabiqəyə təqdim olunan video çarxlar aşağıdakı texniki şərtlərə uyğun olmalıdır.

1. Müsabiqə üçün təqdim edilən video çarxlar əvvəl heç yerdə paylaşılmamış olmalıdır.

2. Müsabiqədə hazırda yerli universitetlərin bakalavr və magistr səviyyələrində təhsil almaqda olan bütün tələbələr iştirak edə bilərlər.

3. Təqdim edilən video çarxlar bir şəxs və ya bir qrup tələbə tərəfindən (3 nəfərdən çox olmamaqla) ərsəyə gətirilə bilər.

4. Video çarxların xronometrajı ən azı 5 dəqiqə olmalıdır.

5. Video çarxın sonunda “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin adı və loqosu verilməlidir. Ardınca, müəllifin (və ya müəlliflərin) ad və soyadları, təhsil aldıqları universitetin(və ya universitetlərin) adı qeyd olunmalıdır.

6. Video çarxlar 05.05.16 - 05.08.16 tarixləri arasında müraciət edən tələbənin (və ya tələbələrin) şəxsi youtube kanalına yüklənməlidir. Sonra isə videonun linki mövzu yerində “Müsabiqə üçün” yazılaraq, khulya.jafarova@gmail.com ünvanına göndərilməlidir. Qeyd edilən tarixdən tez və ya gec, həmçinin müəllifin (və ya müəlliflərin) şəxsi youtube kanalından kənarda yüklənən videolar müsabiqəyə qəbul edilməyəcək.

7. Videoçarxın linki ilə yanaşı, müəllif (və ya müəlliflərin) tələbə biletlərinin skan edilmiş surəti də göndərilməlidir. Zəhmət olmasa, qarışıqlıq yaranmaması üçün tələb olunan bütün məlumatları bir mesaj daxilində göndərin.

8. Videoçarxlarda müvafiq şifahi və ya yazılı mətnlərdən istifadə edilib edilməməsi müəllifin seçiminə buraxılmışdır. Mətnlərdən istifadə edildiyi təqdirdə, orfoqrafik və orfoepik qaydalara riayət edilməsi mütləqdir.

9. Videoçarxlarda istifadə edilən şifahi mətnlərin Azərbaycan dilində olması mütləqdir. Müəllif (və ya müəlliflər) digər dillərdə subtitrlərdən istifadə edə bilərlər. Əgər yalnız yazılı mətnlərdən istifadə edilərsə, bu zaman mətn mütləq Azərbaycan dilində olmalıdır.

10. Video çarxların çəkilişi üçün “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə müraciət edilə bilər. Lakin çəkiliş üçün mütləq bir neçə gün əvvəldən əlaqə saxlanılmalıdır.

Video çarxların qiymətləndirilmə meyarları:

1. Daun sindromlu şəxslərin cəmiyyətdəki rolunun lazımınca əks etdirilməsi;

2. Bu istiqamətdə “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin rolunun və fəaliyyətinin lazımınca əks etdirilməsi;

3. Ssenarinin orijinallığı;

4. İstifadə edilən görüntülərin yeniliyi və orijinallığı;

5. Mövzunun tam əhatə edilməsi;

6. Montajın peşəkarlığı;

7. İstifadə edilən görüntü, səs və mətnlərin uyğunluğu;

8. Videoçarx vasitəsilə müvafiq mesajların ötürülməsi;

9. Videoçarxın emosional gücü;

QEYD: Müsabiqəyə qatılmağa haqq qazanan bütün video çarxlar göndərildiyi gündən etibarən 5 iş günü ərzində “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin facebook səhifəsində yerləşdiriləcək.

Səhifədə ən çox “like” toplayan video çarx 500 AZN məbləğində pul mükafatına layiq görüləcək.

Müsabiqəyə qəbul edilmiş video çarxlar nüfuzlu ekspertlərdən təşkil olunmuş münsiflər heyəti tərəfindən yoxlanılacaq və qaliblər müəyyən ediləcək. Videoçarxlar 05.05.16-05.08.16 tarixləri arasında təqdim edilməlidir. Qaliblərin bu ilin sentyabr ayında elan edilməsi nəzərdə tutulur.

Əlaqə: (012) 4886728

Email:khulya.jafarova@gmail.com

Facebook:https://www.facebook.com/qaygi.ictimaibirlik/

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi