​Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar Səyyar ASAN xidmətin işi yekunlaşıb

​Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar Səyyar ASAN xidmətin işi yekunlaşıb 5 497-dən çox vətəndaşa 15 770 xidmət göstərilib
Sosial müdafiə
5 İyun , 2015 13:04
​Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar Səyyar ASAN xidmətin işi yekunlaşıb

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycan Prezidentinin 10 sentyabr 2014-cü il tarixli Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin daha səmərəli təşkili ilə bağlı tədbirlər haqqında fərmanından irəli gələn məsələlərin icrası yekunlaşıb. Bu barədə “Report”a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Azərbaycan təbii qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi prosesi ilə bağlı bir sıra xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin təşkili məqsədi ilə artıq zəruri addımlar atılıb.

Belə ki, 20 sentyabr 2014-cü il tarixindən bu il mayın 20-dək Səyyar ASAN xidmət çərçivəsində 12 rayonda (Abşeron, Hacıqabul, Kürdəmir, Ağsu, Yevlax, Ağdaş, Ucar, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa) ümumilikdə 5 497-dən çox vətəndaşa 15 770 xidmət göstərilib. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi, Daxili İşlər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi, həmçinin yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən həyata keçirilib.

“Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır”, - agentliyin məlumatında bildirilib.

Son xəbərlər

Orphus sistemi