Astara dövlət sərhədindən buraxılış məntəqəsində miqrasiya bölməsi fəaliyyətə başlayıb

Astara dövlət sərhədindən buraxılış məntəqəsində miqrasiya bölməsi fəaliyyətə başlayıb Dövlət miqrasiya xidməti müşaviri: "Son zamanlar xidmətin fəaliyyət imkanları da genişləndirilir"
Sosial müdafiə
28 Dekabr , 2018 10:10
Astara dövlət sərhədindən buraxılış məntəqəsində miqrasiya bölməsi fəaliyyətə başlayıb
0 : 00
0 : 00

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası və İran İslam Respublikası arasında “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) miqrasiya bölməsinin açılış mərasimi keçirilib.

Bu barədə "Report"a DMX-nın mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi, general-mayor Abbas Xəlilov və Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev iştirak ediblər.

Vəli Nağıyev respublikanın quru dövlət sərhədindəki buraxılış məntəqələrində miqrasiya bölmələrinin yaradılmasının və formalaşdırılmasının əhəmiyyətindən danışıb. Bildirib ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin operativliyi, rahatlığı, habelə şəffaflığının təmin etdirilməsi daim Dövlət Miqrasiya Xidmətinin nəzarətində olan prioritet məsələdir. Bu məqsədlə son zamanlar Xidmətin fəaliyyət imkanları da genişləndirilir. Belə ki, 2018-ci ildə Dövlət Miqrasiya Xidməti Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq şəraitində Azərbaycan Respublikasının quru dövlət sərhədindən buraxılış məntəqələrində miqrasiya bölmələrinin yaradılması üçün müvafiq tədbirlər görüb. Son iki ay ərzində “Samur” və “Şıxlı” dövlət sərhəd buraxılış məntəqələrində Dövlət Miqrasiya Xidmətinin 24 saat xidmət göstərən bölmələrinin fəaliyyəti təmin edilib.

Xidmət rəisinin birinci müavini söyləyib ki, bu gün “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində miqrasiya bölməsinin yaradılması əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daha rahat giriş-çıxış etmələrinin təmin olunması, onlara operativ və yerində xidmətlərin göstərilməsi, miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılması işinə öz töhfəsini verəcək.

Həmçinin qeyd edib ki, dövlət sərhədindən keçən şəxslərin artıq vaxt itkisinə məruz qalmadan miqrasiya orqanlarına müraciət edə bilmələri üçün yaradılmış şərait insanların məmnunluq səviyyəsinin yüksəldilməsinə yönəlmiş ciddi addımdır.

Sonra V. Nağıyev “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində mövcud vəziyyət, miqrasiya bölməsinin xidməti fəaliyyətinin təşkili ilə tanış olub və göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılıması barədə əməkdaşlara müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, 2018-ci ilin noyabrın 2-də "Samur" (Azərbaycan Respublikası-Rusiya Federasiyası), dekabrın 16-da isə “Şıxlı” (Azərbaycan Respublikası-Gürcüstan), dövlət sərhədindən buraxılış məntəqələrində Dövlət Miqrasiya Xidmətinin yeni xidmət bölmələri fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi