Yuxarı

Bu ilin birinci rübündə sosial sığorta gəlirləri 8,7 faiz artıb

Orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 44 faiz olub

Bakı. 13 aprel. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) cari ilin yanvar-mart aylarında gəlirləri 751,5 milyon manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,5 faiz və ya 39 milyon manat artıb. Bu barədə "Report"a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Eyni zamanda, sosial sığorta gəlirləri 8,7 faiz artaraq 410 milyon manat təşkil edib: "Bu daxilolmaların 65,7 faizi və ya 270 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin birinci rübünə nisbətən 12 faiz və ya 29 milyon manat yuxarı olmaqla proqnozun 108,2 faiz icra edildiyini göstərir. Rüb ərzində Fondun xərcləri 725,7 milyon manat təşkil edib. Bu vəsaitin 98 faizi və ya 713,7 milyon manatı əhaliyə ödənişlərə yönəldilib. Əhaliyə ödənişlərin 97,6 faizini pensiya ödəmələri təşkil edib. Fond üzrə ümumi daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl vaxtında maliyyələşdirilməsinə imkan verib. Əldə edilmiş maliyyə imkanları nəticəsində Novruz bayramı öncəsi pensiyaların maliyyələşdirilməsi mart ayının birinci yarısında yekunlaşdırılıb".

Ölkə üzrə əmək pensiyaçılarının sayı cari ilin aprelin 1-nə 2,3 min nəfər və ya 0,2 faiz artaraq (o cümlədən yaşa görə 1,6 min nəfər azalıb, ailə başçısını itirməyə görə 0,5 min nəfər, əlilliyə görə isə 3,4 min nəfər artıb) 1293,2 min nəfər təşkil edib. Prezidentin müvafiq sərəncamına əsasən cari ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,4 faizlik artım tətbiq olunub. Əmək pensiyalarının orta aylıq məbləği 2015-ci ilin birinci rübünün sonuna 175,1 manat olub. Ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 44 faiz təşkil edib ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir. 

Sığortaolunanların fərdi uçot sisteminin qurulması prosesində fərdi uçota alınanların sayı cari ilin birinci rübündə 2,2 faiz artaraq aprelin 1-nə 3 041,8 min nəfərə çatıb. Bununla yanaşı, sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu davam etdirilib. Fondun fəaliyyət istiqamətləri, eləcə də interaktiv və informativ elektron xidmətləri ilə bağlı əhalinin maarifləndirilməsi sahəsində tədbirlər davam etdirilib. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hesabatlarının elektron formada qəbulunu təmin etmək məqsədilə Fondun bütün yerli orqanlarında yardım masaları fəaliyyət göstərib. 2015-ci ilin birinci rübü ərzində Fondun həm öz saytı, həm də "elektron hökumət portalı" və "elektron ödəniş portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 530 minə yaxın istifadə sayı qeydə alınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi