Yuxarı

Bu ilin altı ayında Azərbaycanda 2 121 şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Onlardan 270 nəfərdən çoxu əlilliyi olan şəxslərdir

Bakı. 8 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çox, yəni 2 121 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən 1 935 nəfəri, o cümlədən 85 nəfər əlilliyi olan şəxs üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti peşə hazırlığı və əlavə təhsil kursları təşkil edib. Son 6 ayda nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul edilənlərin sayı isə 186 nəfər olub. Ümumilikdə peşə təliminə cəlb olunanların 271 nəfəri və ya 12,8 faizi əlilliyi olan şəxslərdir.

İşaxtaran və işsiz vətəndaşlar lazımi peşə və ixtisasları olmadıqlarına görə onlar üçün münasib iş seçmək mümkün olmadıqda, yaxud işaxtaranın peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini (ixtisasını) dəyişməsi zəruri olduqda, eləcə də işaxtaran əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onları peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edir.

Qeyd olunanlarla yanaşı, yanvar-iyun aylarında nazirlik əksəriyyəti orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət olan 59 058 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətlər verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi